“Qazaxıstan Prezidenti bizim hədəflədiyimiz rəqəmi səsləndirdi” - İlham Əliyev

qazaxistan-prezidenti-bizim-hedeflediyimiz-reqemi-seslendirdi
Oxunma sayı: 1591

“Bu gün biz söhbətlər və müzakirələr çərçivəsində əmtəə dövriyyəsinin necə artırılması məsələsinə də toxunduq. Fikrimcə, əsas diqqətin nəqliyyat-logistika sahəsi çərçivəsində məhz qarşılıqlı fəaliyyətimizin prioritet istiqamətləri üzərində cəmləşdirilməsi öz növbəsində daha artıq ixrac-idxal əməliyyatları həyata keçirməyə imkan verəcək”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında deyib.

Əmtəə dövriyyəsinin artırılması istiqamətində böyük potensialın olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Düşünürəm ki, Qazaxıstan Prezidenti bizim hədəflədiyimiz rəqəmi səsləndirdi – 1 milyard dollar dəyərində əmtəə dövriyyəsi. Məncə, hər iki tərəfin qarşılıqlı fəaliyyəti dərinləşdirmək niyyətini nəzərə almaqla, bu, tamamilə realdır”.

Azərbaycan Prezidenti bildirib ki, informasiya-kommunikasiya texnologiyaları sahəsi ilə bağlı başqa məsələlər, humanitar əməkdaşlıq məsələləri də müzakirə edilib. “Bu gün müzakirə sahəsi kifayət qədər genişdir və hər bir istiqamət üzrə ölkələrimizin baxışlarının tamamilə üst-üstə düşdüyünü görürük. Bu, bir daha göstərir ki, Qazaxıstan və Azərbaycan təkcə sözdə deyil, əməli işdə də strateji tərəfdaşlar və müttəfiqlərdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.