“Qazaxıstana terror hücumunun təşkili ilə bağlı sübut təqdim edəcəyik” - Tokayev

qazaxistana-terror-hucumunun-teskili-ile-bagli-subut-teqdim-edeceyik
Oxunma sayı: 2958

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasında iştirak edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “ZTB Qazaqstan” teleqram kanalı yayıb.

İclas Qazaxıstan tərəfinin təşəbbüsü ilə çağırılıb.

İclasın harada keçirilməsi və digər detallar açıqlanmayıb.

***

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclası başlayıb.

İclas videokonfrans formatında keçirilir.

***

Tokayev bildirib: “Yaxın zamanlarda dünya ictimaiyyətinə Qazaxıstana terror hücumunun təşkili ilə bağlı sübut təqdim edəcəyik. Terrorçuların əsas zərbəsi Almatı şəhərinə qarşı yönəlmişdi. Bu şəhərin ələ keçirilməsi cənubun, daha sonradan isə bütün Qazaxıstanın ələ keçirilməsinə yol açardı.

Biz yaraqlıların Prezident iqamətgahının ətrafında toplaşmasını görürdük. Bu, Qazaxıstana qarşı terror müharibəsi idi. Döyüşçülər KTMT sülhməramlıların gəlməsini bildikdə Qazaxıstan Prezidentinin iqamətgahını ələ keçirmək planlarından vaz keçdilər”.

Onun sözlərinə görə, Qazaxıstana 2,3 min KTMT sülhməramlısı yerləşdirilib.

O, həmçinin Qazaxıstanda dinc etirazçılara qarşı güc tətbiq edildiyi barədə iddiaları dezinformasiya adlandırıb.

***

Qazaxıstan Prezidenti rusiyalı həmkarı Vladimir Putinə anlayışına və Qazaxıstana hərbi kontingentin göndərilməsi ilə bağlı çevik qərara görə minnətdarlığını bildirib. 

Tokayev, həmçinin KTMT-nin digər üzv ölkələrinə də təşəkkür edib. O qeyd edib ki, ilk dəfədir ki, KTMT sülhməramlı potensialından üzv dövlətlərdən birinin təhlükəsizliyini, sabitliyini və bütövlüyünü təmin etmək üçün istifadə olunur.