Qazaxıstanda referendum keçirilir

qazaxistanda-referendum-kecirilir
Oxunma sayı: 1585

Qazaxıstanda konstitusiyaya əlavə və dəyişikliklər üzrə referendumda səsvermə başlayıb.

"Qafqazinfo" Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 7:00-da açılıb, səsvermə saat 20:00-dək davam edəcək. Ümumilikdə ölkə üzrə və xaricdə 10 mindən çox məntəqə fəaliyyət göstərəcək. Referendumun keçərli olması üçün səsvermədə seçicilərin yarıdan çoxunun (50 faiz+1 seçici) iştirakı vacibdir. Mərkəzi referendum komissiyası yekun nəticələri səsvermədən sonrakı yeddi gün ərzində dərc etməlidir.

Referendumda iştirak etmək hüququ olan vətəndaşların siyahısına ümumilikdə 11,7 milyon qazaxıstanlı daxil edilib. Ölkədə 19,1 milyondan çox əhali yaşayır.

Konstitusiyaya əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi təşəbbüsünü Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 29-da Qazaxıstan xalqları assambleyasının sessiyasında irəli sürüb. Təklif olunan dəyişikliklərə əsasən, dövlət başçısının səlahiyyətləri azaldılır, parlamentin və yerli nümayəndəli orqanların rolu əhəmiyyətli dərəcədə gücləndirilir, Konstitusiya Məhkəməsi yaradılır, həmçinin ölkənin birinci prezidenti Nursultan Nazarbayevin statusu haqqında müddəa konstitusiyadan çıxarılır.