Üçüncü gündür ki, davam edən Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir.
“Qafqazinfo” xəbər verir ki, iyulun 5-də festival çərçivəsində “Marxal” kompleksinin Yay Teatrında Qazaxıstan Respublikasının Ükili Ibıray adına Akmolin vilayət filarmoniyasının “Aynakol” folklor və “Qəkku” rəqs ansambllarının konserti olub.
konsertdən əvvəl Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Türkiyənin Safranbolu bələdiyyəsinin sədri xanım Elif Köseyə festivalın xatirə hədiyyəsini təqdim edib.
Qeyd edək ki, “Aynakol” folklor ansamblı Qazaxıstanın Akmolin vilayətinin ən parlaq musiqi kollektivlərindən biridir. Kollektivin özünəməxsus bədii üslubu, ifa tərzi, zəngin və orijinal repertuarı var. “Aynakol”un qastrol xəritəsi də zəngindir. Almaniya, Türkiyə, Çin, Tayvan, Rusiya, Baltikyanı ölkələrin dinləyiciləri ansamblın yaradıcılığından zövq alıblar.
Akmolin vilayətinin incisi olan “Qəkku” rəqs ansamblının heyətini təcrübəli rəqqaslar təşkil edir. Repertuarı çox zəngin və rəngarəng olan bu ansambl Qazaxıstanın mədəni irsinin təbliğatçısı kimi, bir çox yerli, respublika əhəmiyyətli və mötəbər beynəlxalq festival və müsabiqələrin iştirakçısı və qalibi olub.
“Aynakol” folklor və “Qəkku” rəqs ansambllarının çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Konsertin sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov kollektivin rəhbəri xanım Nurgul Şaikenovaya festivalın simvolunu təqdim edib. Eyni zamanda, Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı tərəfindən folklor və rəqs ansambllarının rəhbərlərinə xatirə hədiyyələri təqdim olunub.







Son xəbərlər
Son Xəbərlər