Qazaxıstanla hərbi əməkdaşlıq planı imzalandı - Video

qazaxistanla-herbi-emekdasliq-plani-imzalandi
Oxunma sayı: 1707

Bu gün Qazaxıstan müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub.

Geniş tərkibdə keçirilən görüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkələrimiz arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb.

Qazaxıstanın müdafiə naziri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması münasibətilə həmkarını təbrik edib, şəhid olanlara Allahdan rəhmət diləyib və onların yaxınlarına dərin hüznlə başsağlığı verib.

Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus ərazi sektorunda hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçirilən "Xəzri-2023" birgə taktiki təliminin əhəmiyyəti vurğulanıb. Keçirilən birgə taktiki təlimin hərbi qulluqçuların peşəkarlığının artırılması baxımından vacibliyi qeyd olunub.

Hər iki ölkənin Ordu quruculuğunda qarşılıqlı təcrübə mübadiləsinin xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.

Sonda “Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı” imzalanıb.

Görüşdən sonra nümayəndə heyəti Azərbaycan Ordusunun Baş Qərargahının Kibertəhlükəsizlik qovşağını, Müdafiə Nazirliyinin və Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda məntəqələrini ziyarət edərək burada ümumilikdə görülən işlərlə tanış olub.