Qazilər Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzində sağlamlıqlarını bərpa edirlər - Foto

Qazilər Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzində sağlamlıqlarını bərpa edirlər
Oxunma sayı: 986

Vətən müharibəsindəki döyüşlərdə yaralanmış və müxtəlif xəsarətlər almış qazilərin sağlıqlarına qovuşması üçün aparılan müalicədə yüksək nəticələrin alındığı tibbi reabilitasiya müəssisələrindən biri də Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzidir. 

“Qafqazinfo”nun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi əsasında sanatoriyaya təyinat alan pasiyentlər əvvəlcə peşəkar həkimlərin nəzarəti altında ümumi tibbi yoxlanışdan keçirilir və hər bir xəstəyə zəruri müalicə kursu təyin edilir.

Həmçinin Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük II Qarabağ müharibəsində qələbə sevincini  yaşadan rəşadətli Azərbaycan Ordusunun döyüşən oğulları bu gün Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzində müalicə alanlar sırasındadır.

Hazırda pandemiya səbəbindən ölkəmizdə tətbiq edilən karantin rejimi qaydalarına uyğun olaraq sanatoriyaya xəstə qəbulu məhdud sayda və növbəlilik əsasında aparılır. Göstərilən bütün xidmətlər pandemiya qaydalarına uyğun təşkil edilir. Məsafə gözlənilir, tibbi maskadan istifadə edilir, sanatoriya mütəmadi olaraq dezinfeksiya olunur.

Sanatoriyanın prosedur otaqları tibb texnologiyasının ən son nailiyyətləri hesab olunan cihaz və avadanlıqlarla təchiz edilib. Burada əsasən dayaq-hərəkət, sümük, oynaq, iflic, əzələ və sinir sistemi xəstələrinin müalicəsi uğurla həyata keçirilir.

Göndəriş əsasında mərkəzə qəbul edilən qazi və əlillərin müalicəsi 14 gün davam edir. Ümumi müayinədən sonra tibbi göstəriş olduqda pasiyentlər müalicə kursu müddətində 10-12 gün Naftalan nefti vannası və müalicə proseduru qəbul edirlər.

Sanatoriyanın fəaliyyəti müasir tələblər səviyyəsində qurulduğuna görə burada müalicə alan hər bir xəstənin səhhətində müsbət nəticə əldə edilir.