“Qazinin əlilliyi İlizarov aparatı çıxarıldıqdan sonra müəyyən ediləcək”

qazinin-elilliyi-ilizarov-aparati-cixarildiqdan-sonra-mueyyen-edilecek
Oxunma sayı: 2051

İmişli rayon sakini, 1988-ci il təvəllüdlü Vətən müharibəsi qazisi Nahid Şıxalıyev ona əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır.

Bu barədə "Qafqazinfo"ya müraciət edən N. Şıxalıyev deyib ki, Hərbi Həkim Komissiyasının qərarına rəğmən ona əlillik dərəcəsi verilməsindən imtina edilir: "İmtinaya səbəb kimi bildirirlər ki, müalicəm hələ də davam edir. Qeyd edim ki, müharibədə noyabrın 6-da Şuşada sağ ayağımdan və sol əlimdən snayper gülləsi ilə yaralanmışam. Ayağımda İlizarov aparatı var.

1 ildən çoxdur ki, işləmirəm. Bəs mən bu müddətdə nə ilə dolanmalıyam? Özüm də rayonda ailəmlə qəzalı, şəraiti olmayan bir evdə kirayə qalıram. İki oğul övladım var. Sonuncusu noyabrın 21-də dünyaya gəlib. Həyat yoldaşım müəllim işləyir. Onun da aldığı maaş banka olan borcumuza çıxılır. Banka 10300 manat borcumuz var.

Müharibəyə getmədən qabaq rayonda telefon mağazası işlədirdim, krediti də buna görə götürmüşdüm. Ancaq yaralanıb gəldiyimə görə, daha işləyib ödəyə bilmədim. Tanış dostumun maşınını götürüb taksi sürməyə başladım. Kəskin ağrıkəsici iynələr vurdurduğuma görə, o işi də görə bilmirəm. Dövlət də mənə əlillik vermir, bəs ailəmi necə dolandırım? Hərbi Həkim Komissiyasının qərarını nazirlik yox sayır. Mənə bu günə kimi bir dəfə YAŞAT Fondu 2500 manat müalicə üçün yardım edib, bir də rayonumuzun deputatı Razi Nurullayev köməklik edib. Başqa heç kim kömək etməyib”.

“Qafqazinfo” qazinin müraciəti ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edib. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, ötən ay Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində İmişli rayon sakini Şıxalıyev Nahid İslam oğlunun həkim ekspertlər tərəfindən əyani müayinəsi aparılıb: “N.Şıxalıyevin sol yuxarı və sağ aşağı ətrafında əlillik təyinatına əsas verən funksional-hərəki pozuntular müəyyən edilməyib. Xəstənin sağ bud nahiyəsində İlizarov aparatı olduğu üçün ixtisaslaşmış müalicəsi tamamlanmayıb. Mövcud qanunvericiliyə əsasən, ixtisaslaşmış müalicə başa çatmalıdır ki, əlillik qiymətləndirilsin. Şəxsin sağ bud nahiyəsində metal konstruktiya çıxarıldıqdan sonra yenidən onun əlilliyinin qiymətləndirilməsi aparılacaq”.

Günel Türksoy