Bu gün Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Gənc xilasedici” Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib.
“Qafqazinfo” xəbər verir ki, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən builki yarışlarda Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Pakistandan olan komandalar da iştirak edir.
Mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yeniyetmə və gənclərin milli vətənpərvərlik, xalqına və dövlətinə sədaqət ruhunda yetişməsi məsələsinə xalqımızın ümummilli lideri Heydər Əliyevin hər zaman xüsusi həssaslıqla yanaşdığını vurğulayıb. Yetişməkdə olan gənc nəslin müasir elmi biliklərə yiyələnməsi, yüksək mənəvi-əxlaqi dəyərlərə sahib olması, təlim-tərbiyəsi daim ulu öndərin diqqətində olub. Məhz ümummilli liderin müdrik uzaqgörənliklə işləyib hazırladığı mütərəqqi dövlət gənclər siyasəti bu istiqamətdə sistemli və məqsədyönlü fəaliyyətin əsasını təşkil edir. Təsadüfi deyil ki, bu siyasətin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində bu gün ölkəmizdə vətənpərvər, dövlətinə və xalqına bağlı, yüksək bilik və mənəvi-əxlaqi keyfiyyətlərə malik gənc nəsil formalaşıb. 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığımız şanlı Zəfər bunun əyani sübutudur.
Nazir müavini bu ilin fevral ayında qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələni xatırladaraq, orada aparılan birgə axtarış-xilasetmə işlərinə toxunub. FHN tərəfindən Qəbələdə təşkil olunan “Gənc xilasedici” beynəlxalq yarışının gənclərdə fövqəladə hallarla mübarizə sahəsində əməli vərdişlərin formalaşması ilə yanaşı, bu istiqamətdə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynadığını qeyd edib.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərinin yeniyetmə və gənclər arasında təbliğ edilməsi, həmçinin yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır.
Builki Ümumrespublika birinciliyinin final mərhələsində 16 rayon və şəhərin komandaları birincilik uğrunda mübarizə aparacaqlar. Həmçinin, respublikanın müxtəlif bölgələrindən olan 21 nəfər şəhid övladı builki yarışa dəvət olunub. Onların asudə vaxtlarının səmərəli təşkil olunması üçün əlavə proqramların keçirilməsi nəzərədə tutulur.
“Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici” Beynəlxalq yarışında isə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Pakistandan olan komandalar qüvvələrini sınayacaqlar.
Yarışlar iyulun 2-nə kimi davam edəcək.







Son xəbərlər
Son Xəbərlər