Qəbələdə mərkəzi küçələr niyə bu vəziyyətdədir? - Fotolar

qebelede-merkezi-kuceler-niye-bu-veziyyetdedir
Oxunma sayı: 2059

“Qəbələ rayonunda küçələr zibillə dolub-daşır. Hətta elə küçələr var ki, orada ümumiyyətlə, zibil qutusu yoxdur. Camaat məcbur qalıb məişət tullantılarını küçəyə atır. Üfunət iyindən rayonda gəzmək mümkün deyil”.

Bu şikayətlə “Qafqazinfo”ya bir qrup Qəbələ sakini müraciət edib. Onların sözlərinə görə, mərkəzi küçələrdə belə zibillərin toplanmaması səbəbindən natəmizlik hökm sürür.

Sakinlərin redaksiyamıza göndərdiyi fotolar rayonun mərkəzi – Heydər Əliyev prospektində və general Polad Həşimovun adını daşıyan küçədə çəkilib. 

Şikayətlə bağlı Qəbələ rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. RİH başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova saytımıza bildirdi ki, rayonda zibil qutuları kifayət qədərdir: “Qəbələnin küçələrində aralı formada zibil qutuları qoyulub. Hər səhər də həmin qutulara atılan tullantılar toplanır. Ola bilər bir qədər gecikmə olsun, lakin bütün zibillər yığışdırılacaq”.

Gülnar Əliyeva