Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər və Kənd Təsərrüfatı Nazirliyinin nazir müavinlərinin, Baş Prokurorluğun əməkdaşlarının və icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə “Təbiət ərazilərində yanğın təhlükəsizliyi” mövzusunda növbəti görüş Qəbələdə keçirilib.
Sahibkarlar və fermerlərlə keçirilən görüşdə çıxış edən FHN-in nazir müavini Etibar Mirzəyev bildirib ki, fermerlər və sahibkarlar biçin mövsümündə diqqətli olsunlar və təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər, taxıl sahələrini yandırmasınlar. Əks təqdirdə, qaydaları pozan fermerlər cəzalandırılacaqlar.
ETSN-in nazir müavini Firdovsi Əliyev qeyd edib ki, yanğın baş verən sahənin əvvəlki halına qayıtması üçün onilliklər lazımdır. Yanğınların söndürülməsi üçün suya ehtiyac var. Nəzərə almaq lazımdır ki, ölkəmizdə su ehtiyatları azdır. Suya olan tələbatımızın 70 faizi respublikamızdan kənarda formalaşır. Bundan əlavə, hər dəfə yanğın baş verərkən söndürülməsi üçün vəsait sərf olunur. Buna görə də hamımız çox diqqətli olmalıyıq. Hər il xəbərdarlıq edilir ki, taxıl biçildikdən sonra sahəni yandırmaq olmaz. Əfsuslar ki, belə hallara hələ də rast gəlinir.
Görüşdə yanğın hallarının baş verməməsi üçün fermerlərə biçindən sonra sahələrə od vurmamaları, əkinlərin ətrafında şumlanmış “mühafizə zolağı” yaratmaları və digər yanğın təhlükəsizliyi qaydalarına riayət etmələri barədə xəbərdarlıqlar edilib.


Son xəbərlər
Son Xəbərlər