Qəbələdə V beynəlxalq konfrans keçirilir

qebelede-v-beynelxalq-konfrans-kecirilir
Oxunma sayı: 651

APA-nın məlumatına görə, Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfransın keçirilməsində əsas məqsəd E-hökumət quruculuğu və onun tətbiqi ilə bağlı dünya təcrübəsi, elektron idarəçilik sahəsində dövlət qurumları arasında əməkdaşlığın müasir formalarının müzakirəsidir. Eləcə də konfransda gömrük işində və iqtisadiyyatın digər sahələrində İKT-nin tətbiqi və innovativ idarəetmə metodları ilə bağlı mövcud vəziyyətin öyrənilməsi və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.
Konfransın əsas mövzuları «Elektron hökumət» layihəsinin həlli yolları, dövlət orqanlarında elektron xidmətlər göstərilməsinin təşkili, gömrük xidmətində İKT və E-gömrük xidmətləri, gömrük-biznes əməkdaşlığında İKT-nin roludur.

Dünyanın 55 ölkəsindən və 5 beynəlxalq təşkilatdan 102 nümayəndənin qatılacağı konfransın açılış mərasimində DGK sədri Aydın Əliyev, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Broek, Ümumdünya Gömrük Təşkilatının Potensialının Gücləndirilməsi üzrə Avropa Regional ofisinin rəhbəri Valeri Mikeladze iştirak edib.

İki gün davam edəcək konfransda “Gömrük orqanlarında informasiya sistemlərinin təkmilləşdirilməsi layihəsi: nəticələr və perspektivlər”, “Mürəkkəb biznes prosesli təşkilatlarda elektron xidmətlərin təşkili üzrə layihələrin idarə olunmasının əsas prinsipləri: elektron gömrük xidmətləri» nümunəsində”, “İctimai diplomatiya və E-hökumət, E-dövlət mühitində informasiya təhlükəsizliyinin idarə olunması problemləri”, “Gömrük işi sahəsində elektron tədris” mövzularında məruzələr dinləniləcək. Bundan başqa, konfransda “Açıq məlumat gömrük və biznes əməkdaşlığında şəffaflığın artırılması vasitəsi kimi”, “Vahid Avtomatlaşdırılmış Elektron İnformasiya Sistemində elektron gömrük ödənişləri”, “Xarici iqtisadi fəaliyyət iştirakçısının şəxsi kabineti - elektron xidmət dəstindən kompleks şəkildə özünə xidmətə doğru”, “Elektron hökumət və sosial media” və s. mövzularla məruzə və təqdimatların keçirilməsi və müzakirələrin aparılması nəzərdə tutulub.