Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Neftçi" - "Qəbələ" matçı 1:1 hesabı ilə başa çatdı. "Qafqazinfo" xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında çıxış edən qonaqların baş məşqçisi Roman Qriqorçuk oyunla bağlı fikirlərini bildirib.
Ukraynalı çalışdırıcı hakimlikdən narazı qaldığını mətbuat konfransında gizlətməyib: "Nəticədən narazı qaldım. Çünki böyük hesabla qalib gəlməli idik. Birinci səbəb qol imkanlarını reallaşdıra bilməməyimiz idi. İkinci səbəb bərbad hakimlik idi. Hakim "Qəbələ"nin təmiz qələbəsini əlindən aldı. Bu mövsüm hakimlər bizim 15 xalımızı alıblar. Bunu çəkinmədən deyirəm, məni cəzalandırsalar belə. Bundan pis nəticə ola bilməz. Mən başa düşmürəm, niyə belə hakimliyə görə cəza yoxdur? Niyə Rəşad Sadiqov qırmızı vərəqə alıb cavab oyununu buraxmalıdır? Niyə Aleksey Qay sarı vərəqə limitində olub final oyununun təhlükəsi ilə üzləşməlidir. Mən başa düşürəm ki, "Qarabağ" ən güclüdür, çempiondur. Ancaq xallarımız alınmasaydı, indi 2-ci yerdə idik. Qay (Aleksey) mənə deyir ki, 33 yaşım var, mən hakimin bu qərarını başa düşmürəm? İndi başlayacaqlar ki, "Qəbələ" qol vurmadı, ona görə qalib gəlmədi. Açığı, belə hakimliklə işim nəticə verməyəcək. Belə hakimliyə biganə qala bilmərəm. Ancaq belə tərcümə etməyin, tərcümə edin ki, onlara hörmətim böyükdür. Onlara az səhv buraxıb, avrokuboklarda çox oyun idarə etməyi arzulayıram".
Qriqorçuk Aleksey Qayla Aleksey Antonova inandığını, onlara böyük dəstək gördüyünü söyləyib: "Mən Antonovu 5-ci dəqiqədə dəyişə bilərəm. Ancaq bu, o demək deyil ki, ondan narazıyam. Mən Alekseydən üz çevirmirəm. Futbolçunu cəzalandıra bilərsən, ancaq o, özünə hörmət tələb edir. Antonovun 5 qol imkanı oldu ki, 3-nü qola çevriməli idi. Onun üzərində təzyiq var. Belə vaxtda ona dəstək olmalıyıq. Biz Antonovdan imtina edə bilmərik. Hər futbolçu kimi ona da dəstək olmalıyıq".
Ukraynalı çalışdırıcı "Neftçi"yə simpatiyasının olduğunu bildirib: "Bu komandanın xoşuma gəldiyini bir neçə dəfə demişəm. "Neftçi" layiq olmadığı yerdədir. Öz futbolçularımı ona görə tərifləmək istəyirəm ki, belə bir komandaya qarşı yaxşı oynadıq".
Qriqorçuk Qayın halına acıdığını qeyd edib: "Bu insanın 2 uşağı var. Ancaq indi elə pərişandır ki, ailəsi onu tanımayacaq. Rəşad Eyyubovun əvəzlənməyinə gəlincə, bunu azlıqda olduğuma görə etdim. Meydana müdafiiəçi buraxmalı idim. Rəşadı əvəzlədiyimə görə ondan üzr istədim. Mən ona inanıram".
Son xəbərlər
Son Xəbərlər