“Qəbələ”nin məşqçisi komandadan uzaqlaşdırıldı

qebelenin-mesqcisi-komandadan-uzaqlasdirildi
Oxunma sayı: 661

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, açıqlamada Kapital Bank U-15 Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilmiş “Bakı” – “Qəbələ” oyunundan sonra baş verən hadisələrlə bağlı çıxarılan qərarlar əhatə olunub:
26 may 2012-ci il tarixində Kapital Bank U-15 Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilmiş “Bakı” – “Qəbələ” oyunundan sonra baş vermiş hadisələrlə əlaqədar olaraq “Qəbələ” PFK qərar qəbul etmişdir. Qərara əsasən:

1. Məşqçi Hüseynqulu Quliyev vəzifəsindən uzaqlaşdırılır.
2. Məşqçilər Famil Xəlilov, Sərdar Qafarov və Teymur Musayev klubun daxili intizam qaydalarına əsasən cəzalandırılır, ciddi xəbərdarlıq edilir.

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında da Bakı” – “Qəbələ” oyununda baş verənlərlə bağlı qərarlar çıxarılıb.

Matçın 58-ci dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Halim Fıçıcı texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb.
Oyun bitdikdən sonra “Qəbələ” klubunun məşqçisi Hüseynqulu Quliyev matçın baş hakiminə fiziki təsir göstərdiyi üçün məşqçi 20 oyun cəza alıb.

Oyun bitdikdən sonra “Qəbələ” klubunun 9 nömrəli futbolçusu Coşqun Süleymanov hakimləri təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanıb.
Qeyd edək ki, “Bakı” – “Qəbələ” oyunundan sonra qalmaqal yaşanmışdı. Oyun bitdikdən sonra “Qəbələ”nin məşqçisi Hüseynqulu Quliyev matçın baş hakiminə hücum etmişdi.