“Qəbələ”nin uğursuz çıxışının əsas səbəbi...

qebelenin-ugursuz-cixisinin-esas-sebebi
Oxunma sayı: 1470

Cari mövsüm Azərbaycan Premyer Liqasının sürpriz komandası “Qəbələ” idi. Büdcəsi kifayət qədər azalan komandanın iddiasız olacağı və yalnız sonuncu yeri tutmamaq üçün mübarizə aparacağı gözlənilirdi.

Lakin Elmar Baxşıyevin baş məşqçisi olduğu əyalət klubu ilk gündən iddia ortaya qoydu və yuxarı pillələr üçün mübarizə aparmağa başladı. Komanda turnir cədvəlinin ikinci pilləsinə qədər yüksəldi. Amma 18-ci turda “Qarabağ”a böyükhesablı məğlubiyyətdən sonra komanda yalnız enişə doğru getdi və 5-ci pilləyə qədər yuvarlandı.

Azarkeşlər və media bunun günahını komandanın fiziki gücünün yetərincə olmamasında görsə də, əslində səbəb tamam başqa imiş. Belə ki, “Qəbələ” klubu futbolçuların maaşlarının ödənilməsində problem yaşayırmış. “Qırmızı qaralar” sonuncu dəfə fevral ayında oyunçularının pullarını verə bilib. 

Maddi problemlərin səbəbinin AFFA-dan qaynaqlandığı iddia edilib. Belə ki, federasiya kluba ödəməli olduğu maliyyəni dayandırıb. Bu səbəbdən də “Qəbələ” rəhbərliyi çıxılmaz vəziyyətdə qalıb. 

Əslində avrokuboklar uğrunda mübarizə aparan kluba maddi dəstəkdə həlledici mərhələnin başlanğıcında problemlər çıxması müəmmalıdır. 

“Qəbələ”nin baş meneceri Nail Kərimov məsələ barədə “Qafqazinfo”ya bunları deyib: “Bəli, həqiqətən maddi problemlər yaranmışdı və bunu inkar etmək olmaz. Sonuncu dəfə futbolçulara fevral ayında maaş vermişik. Ondan sonra heç bir maddi ödəniş olmayıb. Mart və aprel aylarının pulları hələ də qalır. Təbii ki, bu sıxıntılar komandanın nəticələrinə də təsir edib. Çünki maddiyyat olmadıqda çox problemlər ortaya çıxır. Bunun qidalanması, qidaların alınması var, səfərlər var və digər xərclər mövcuddur. Ona görə də biz çətinliklərlə üzləşdik. Federasiyadan bizə pulların niyə ödənmədiyi ilə bağlı hər hansı tutarlı açıqlama verilməmişdi. Sadəcə biz də gözləyirik deyilmişdi. Bu gün isə bildirilib ki, pullar gün ərzində köçəcək”.

Problemin nədən qaynaqlandığını öyrənmək üçün AFFA-ya da müraciət etdik. Federasiyadan bildirildi ki, texniki səbəblərdən ödənişlərin göndərilməsində problem yaşanıb: “Bu gün maliyyə məsələsi həll edilib və pul “Qəbələ”nin hesabına göndərilib. Texniki səbəblərdən müəyyən yubanmalar olmuşdu”. 

Məsələ yoluna qoyulsa da, maddi problemlərin “Qəbələ”nin həlledici mərhələdə uğursuz çıxışının əsas səbəbidir. 

Elsevər Məmmədov