Dünən, hər axşam üstü sahildə yürüyüş edən bir dostumun bu sağlamlıq əyləminə qatılmaq istədim. İkimiz də söhbətcil olduğumuzdan “gəzintimiz maraqlı və sərfəli keçdi” demək olar. Dənizin havasındanmı, söhbətimizin duzundanmı, bilmirəm- bu gəzintidə dostumun təkcə əl-ayağı açılmadı, göründüyü qədəriylə hərəkətlilik ürəyinə də yaxşı gəldi. Qayıdanda “Park Bulvarda” mənə “kofe Holland” ısmarlamaq istədi. İstəyini alqışlayıb getdik kofeləməyə.
Fikir verdim ki, hansı mövzuda danışmağımıza baxmayaraq dostum yeri gəldi-gəlmədi bütün bu görüş boyu bəlkə 10 dəfə darıxdığını, boğulduğunu, ölkədən çıxıb getmək istədiyini təkrarlayırdı.Yaşına görə bəlli bir yerə gəlib çıxa bilmiş, gözəl ailəsi, uşaqları olan, öz çevrəsində normal nüfuz qazana bilmiş, maddi durumu da ki, maşallah, “yüz minlik” maşın sürəcək qədər babatdı. Xaraktercə də əhlikef olduğundan “ac qalan, evsiz qalan, haqqı tapdalanan xalqın dərdini çəkən adamdı” kimi sözləri kəndisinə yaraşdırmaq günah olar deyə bu narahatlığının səbəbini soruşmaya bilməzdim. Cavabı isə çox qısa oldu: “Cəmiyyət məni boğur, elə mən də cəmiyyəti”.
Açığı cavabı səmimi bulmadığım üçün üstündə də dayanmadım.
İçdiyimiz kofenin hesabını verib dostumun maşınını götürmək üçün düşdük Park Bulvarın motelinə. Çek götürmək üçün kassa aparatının qarşısında toplaşmış adamları görəndə elə bil dostumu cin vurdu.Təqribən 10-15 nəfər olardılar. Heç bir sıra filan yoxdu deyə sonuncu gələnin hansı olduğunu bilmədiyimizdən harda dayanacağımızı kəsdirəmmədik. Dostum dönüb dedi:
- “Bax, budu, bu adamlardı bu xarabada mənə yaşamağa imkan verməyən. Məni boğan cəmiyyətdi” deyəndə belə şeyləri nəzərdə tuturdum.
Bax burda onu anlamamaq əldə deyildi.
Analoqsuz sürətlə inkişaf edən ölkəmizdə avtoparklar, piyada keçidlər, ictimai nəqliyyat vasitələri nə qədər sivil və mədəni toplum kriteriyalarına uyğun şərait yaradılsa da, adamlar ibtidai insan instinklərilə yaşamaqda qərarlı görünürlər.
Nə vaxt baxsan, keçidi qoyub maşın yolunun ortasında ora-bura baxa-baxa qaçışan adamlar yolu keçib orda onu səbirsizliklə gözləyən Yol Polisiylə nə az-nə çox, düz iki saat “razborka” aparır.
Keçən il Naxçıvandan İrana həkimə, kartof-soğan almağa gedən insan axının arasında yaşadığım bir rəzalət hələ də yadıma düşdükcə utanıram.
Yox, hələ İran gömrüyündə bizim insanalra göstərilən böcək müamiləsindən danışmıram. (Zatən orda insanlarımıza olunan təhqirlərə dayannammayıb qayıtmışdım geri) Oz gömrüyümüzdə bir-birinin təpəsindən keçib gedən adamların sıra anlayışından söhbət gedə bilməz. Təsəvvür edin ki, yeriyə-yeriyə də yox, itələnənə-itələnənə gəlib çıxa bildiyim pasportstolun qarşısında dayansam da basa-basda heç cür imkan edib möhürlətmək üçün pasportu gömrüyün işçisinə uzada bilmirdim. Başımın üstündən, əlimin altından, yan-yörəmdən hamı pasportunu soxuşdururdu. Vəziyyət elə idi ki, ağlamaq istəsəm də qeyri ixtiyari gülmək tuturdu məni. Bir dənə də pasport başımı üstündən keçəndə tutub saxladım və dönüb 5 adam məndən arxada dayanan 70 yaşlarında olan bir ağbirçək arvada ürəyimi boşaltmaq istəyirdim ki, birdən qulağımın dibindən bir söz güllə kimi keçib pasportstolun masasına çırpıldı. Masanı görə bilmədim, amma mən parça-parça oldum. “Mən şəhid anasıyam”.
Heyif əlim çatmadı tutub onun ağ birçəklərindən qulağına bir-iki kəlimə söz deyəm. Bu yerdə bir acı xatirəmi də bölüşməyə bilmirəm.
Kəndimizin ilk şəhidinin dəfn mərasimində “məmə yeyəndən pəpə yeyənə” hamımız kənd qəbristanlıqdaydıq. Yadımdadı, atamın böyründən əlimin arxasıyla gözlərimi silə-silə şəhid atası Qılman kişiyə baxırdım. Kədərdən elə büzüşmüşdü ki, əynindəki pencəyin içində ağ yumağa dönmüşdü.
Çox kasıb və məzlum bir ailə olan Qılman kişigil bir neçə ilin içində kəndin ağasına çevrildilər. Qılman kişi oğlunun şəhidlik zirvəsinə ucaltdığı bayrağı endirib aldı əlinə idarə-idarə,təşkilat-təşkilat gəzib şəhid atası adı ilə yaxşıca diləndi. Sonra böyük bir ferma sahibinə,şəhid atası Qılman statusuyla kifayətlənməyib Haci Qılmana çevrildi,qalan oğlanları yüksək vəzifələrə keçdi. Bir sözlə Qilman kişi bir oğlunu şəhid verməklə bütün nəslini yer-bəyer etdi.
Artıq o qədər həyasızlıq etdi ki,bütün kənd camaatı şəhidin goruna söydülər ki,”Öldü getdi, bu Qilmanı da ilişdirdi kəndin yaxasına”.
Biz yeri gələndə şəhid verməyi, qəhrəmanlıq etməyi bacaran xalqıq, eyni vaxtda da bu qəhrəmanlarımızı üç qəpiyə satmağı da yaxşı bacarırıq. Ozünü yandıran Qarabağ qazisinin ailəsi, orduda öldürülən əsgər ailələri çıxıb mediada az qala hökumətə minnətdarlıq etdilər.
Bu gün bütün bu rəzalətin başı üstündə günəş kimi doğan 8 “Nida”çı qəhrəmanımız var.
Mən boğulan, sıxılan, çıxıb getmək istəyən o dostuma çevrilməmək üçün həyatımızı göy əskiyə bükən ibtidai şüurlu insan sürüsünə yox, yüksək dəyərlər uğrunda mübarizə əzmi ilə alışıb yanan gəncliyin fonundan baxıram Azərbaycana.