“Qələbələrimizlə onların ruhu şad olacaq” - Qurban Qurbanov

qelebelerimizle-onlarin-ruhu-sad-olacaq
Oxunma sayı: 5073

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubuyla cavab matçından sonra mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, 45 yaşlı mütəxəssis əvvəlcə matçı dəyərləndirib:

“Öncə azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu gün oyunu daha da gözəlləşdirən onlar idi. Çox möhtəşəm azarkeşlik etdilər. Futbolçularımızı təbrik edirəm. Tam çalışdılar ki, sonadək düzgün oynasınlar. Rəqibə uğurlar arzulayıram. Cavab matçında da bizə asan olmadı. İstənilən halda, qalib gələrək növbəti mərhələyə adladıq. Növbəti həftəki matça hazırlaşmağa az vaxtımız olacaq. BATE avrokuboklarda təcrübəli komandadı. Çalışacağıq ki, qarşıdakı 5 gündə yaxşı hazırlıq keçək”.

- Emeqara debüt matçında penaltini qaçırdı. Bu, ona psixoloji təsir etməyəcək ki?

- Hər bir oyundan əvvəl penalti müəllifi müəyyənləşdirilir. Sadəcə, matça 2 saat qalmışadək bilinmirdi ki, Dani oynayacaq, ya yox. Səhər məşqindən özünü narahat hiss edirdi. Emeqara penaltini rahat şəkildə vurmaq istədi və ona görə müdaxilə etmədim. Ancaq ikinci zərbədə bunu etməli oldum. Emeqara penaltini vurmayandan sonra soyuqqanlı oldu. Onunla penaltini vurmamaqla bağlı söhbətləşməyimə ehtiyac yoxdu. O, optimal formasından uzaqdı. Çalışacağıq ki, yaxın vaxtda formasını bərpa etsin

- “Qarabağ”ın sabiq baş məşqçisi Allahverdi Bağırovun qəbri ermənilər tərəfindən dağıdılıb. Bu qələbəni həmin insanın xatirəsinə həsr etmək olar?

- Həsr etməkdə heç bir problem yoxdu. Sadəcə, dəfələrlə demişəm ki, düşüncəmiz, bütün məqsədimiz “Qarabağ” adını yüksəkdə qoruyub saxlamaqdı. İlk dəfə qrupa düşəndə də qələbəni o insanlara, şəhidlərimizə həsr etmişdim. Belə qələbələrdən sonra qaçqın düşən insanlar o zülmləri unudurlar. Hansı qəhrəmanımız varsa, ona həsr edək. Oyunlara formanın üzərində şəhidlərimizin şəkilləriylə çıxmağa gəlincə, bu, böyük turnirdi. Bilmirəm ki, buna icazə verərlərmi?! Hər birini çox istəyirik, onlar qəlbimizdədi. Bu klub çalışır ki, onların hörmətini saxlasın. İnşallah, qələbələrimizi qazanaq, onlar diqqətimizi görəcəklər. Böyük turnirdə kiçik bir şeyə də nəzarət olunmur. Məsələni siyasiləşdirməyək, pillə-pillə irəli gedək. Qələbələrimizlə onların ruhu şad olacaq. Hər biri bizim fəxrimizdi.

- Xeyli qol epizodu boşa verildi. Bunu hansı səbəblə əlaqələndirərdiniz?

- Vurmamaqla (gülür). Oyunda həyəcan vardı. Daha çox bununla bağlı idi. İnşallah futbolçularımızda növbəti oyunlarda daha böyük məsuliyyət olacaq və həmin epizodlarda daha soyuqqanlı olacaqlar.

- Mahir Mədətov oynadığı hücumda özünü göstərə bilmir, narahat hiss edir...

- Qol vurmamağa görə heç kimi tənqid etməmişəm. Mahirin qaçırdığı epizodlar əsasən hücumçuların epizodlarıdı. Mədətov belə epizodları 3-4 dəfə tapırsa, məni qane edir. Onun hərəkətlərində hücumçu olduğu hiss olunur. Futbolçu o haqda düşünməməlidi ki, qol vura bilmədi. Sadəcə, fərlqənə bilmədiyinə görə əhval-ruhiyyədən düşdü. Qol vurmayandan sonra azarkeşlər, futbolçular onu daha çox alqışladılar.

- Qışadək transfer çalışmaları gözlənilir?

- Açığı, bu yöndə çalışmalarımız bitməyib. Axtarışdayıq, danışıqlar gedir. Düşündüyümüz alınsa, yeni transfer görə bilərsiniz.

- Hansı xəttə?

- Yarımmüdafiə və hücuma axtarışlarımız gedir.

- İslandiyalı qapıçını böyük ümidlərlə transfer etsəniz də, hazırda kölgədə qalıb...

- Belə demək düzgün deyil. İlk oyun idi ki, “18-liy”ə salmışdım. O, düşərgəmizə zədəli gəlmişdi. Qarşıdakı oyunda meydana çıxmaq ehtimalı var. Hər bir qapıçı mənim üçün dəyərlidi. Matçlarda rotasiya etmişik və hər birinin oynamaq ehtimalı var. Dəfələrlə demişəm ki, bu gün oynayanların sabah da əsas heyətdə yer almasına təminat yoxdu. Heyətimizdə dəyişiklər rəqibə görə də olur.

- Millidə müdafiənin mərkəzində problem son vaxtlar çox müzakirə olunur. Rəşad Sadıqovun qayıtmasının mümkünlüyü haqda danışırlar...

- 10 gün olar Ruslan Abışov zədələnib. Ölkədə mərkəz müdafiəçisi problemi var. Ruslan kimi oyunçunun zədələnməsi arzuolunmazdı. Rəşadı qaytarmaq haqda düşünməmişəm. O, milli karyerasını bitirib. Açıqlamasında deyib ki, çox vacib lazım olsa, qayıda bilər. Ancaq bu haqda söhbətimiz olmayıb.

- Qazon sıradan çıxıb. Bu, BATE-ylə matçda problem yarada bilərmi?

- 4 gün əvvəl daha pis idi. Dünən səhər bir az irəliləyiş vardı. İstilərə görə otun bəzi yerləri yanmışdı. Mütəxəssislər bizə deyiblər ki, növbəti ev matçımızadək minimum belə vəziyyətdə qalacaq. İstəməzdim ki, ot örtüyü pisləşsin, İnşallah, minumum belə olar.