Qənd və duz alarkən ehtiyatlı olun!

qend-ve-duz-alarken-ehtiyatli-olun-
Oxunma sayı: 671

Azad İstehlakçılar Birliyi (AİB) ölkə ərzisində duzun yodlaşdırılması və satışı sahəsində apardığı monitorinqlər zamanı, kustar üsulla istehsal olunan və tərkibində zəhərli maddələrin olduğu duzların açıq satılması hallarının davam etdiyini bildirir. Satılan keyfiyyətsiz duzların mənbəyini araşdırarkən məlum olub ki, bu duzlar əsasən müxtəlif mənbə və çirkli göllərdən toplanan duzların hesabına istehsal olunmaqdadır. “Qafqazinfo”nun məlumatına görə, bu məsələ ilə bağlı mətbuat konfransı keçirən Eyyub Hüseynov bildirib ki, ekzotik qablarda qablaşdırılaraq xarici istehsal kimi istehlakçılara təklif olunan bu duzlar texniki istifadəyə belə yaramır. Belə duz markaları respublikanın müxtəlif bölgələrində əhaliyə satılır. Masazır duz zavodu istifadəyə verildikdən sonra keyfiyyətli “Azərduz” markasının satışa çıxarılması yod çatışmazlığı problemini qismən aradan qaldırsa da, bazarda satılan bir çox duzlar təhlükə mənbəyi olaraq qalır.
Qənd istehsalında da vəziyyətin acınacaqlı olduğunu bildirən ekspert bildirib ki, bir çox qənd istehsal edən sexlərdə qəndi ağartmaq üçün insan həyatı üçün təhlükəli olan Sodium Hydrogen Sulphide-dən geniş istifadə olunur.
Azad İstehlakçılar Birliyi əhalini duz və qənd alarkən diqqətli olmağa, mənşəyi bilinməyən məhsulları almamağa çağırır.
Nigar Məmmədli