Qənimət Zahid müraciət etdi

qenimet-zahid-muraciet-etdi
Oxunma sayı: 1060


“Azadlıq” qəzetinin Fransada yaşayan baş redaktoru Qənimət Zahid bununla bağlı oxuculara müraciət edib. O yazır: “Azadlıq” hökumətin senzurası, kontrolu altına girmək istəməyən qəzetdir: “Biz hesab edirik ki, qəzetçilik cəmiyyətin nəzarəti altında olmalıdır, hökumətin yox. Hökumət isə bununla razılaşmır və bizi əzməyə, yox etməyə çalışır. Çıxardığımız qəzeti satmağa imkan vermir, satılan qəzetlərin pulunu vermir. Əməkdaşlarımız faktiki olaraq maaşsız işləyirlər. Biz onlara yalnız işə gedib-gəlmək üçün kifayət edə biləcək qədər yolpulu verə bilirik. Bu fədakar kollektiv isə məhz cəmiyyətin maraqları naminə bu şərtlər altında işləməyə davam edir. “Azadlıq” mühasirəyə alınmış bir qarnizondur. Onun bütün həyat təminatlarını kəsməklə yox etmək, sıradan çıxarmaq və cəmiyyətin azadlıq ümidlərini tamamilə yox etmək istəyirlər. Əslində, bu, “Azadlıq” qəzetinə qarşı deyil, Azərbaycan cəmiyyətinin azad informasiya tələbatına qarşı açılmış bir savaşdır.

Biz təslim olmaq istəmirik. Cəmiyyətin ehtiyaclarını nəzərə alaraq, bu ehtiyacın Azərbaycan naminə zəruri olduğunu anlayaraq təslim olmuruq. Buna görə də hər zaman ən ağır anlarımızda cəmiyyətə səslənirik və deyirik ki, biz sizin uğrunuzda mübarizə apardığımıza görə bizi öldürmək istəyirlər və bizi tək qoymayın!

Güman etmirəm ki, bu müraciət sonuncu olsun. Cəmiyyət özündə təpər tapıb hökuməti ictimai dəyərlərə sayğı ilə yanaşmağa məcbur edən gücün sahibi olana qədər belə olacaq. Bizi ölüm həddinə qədər gətirəcəklər, biz isə topluma reanimasiya üçün müraciət edəcəyik. Sağ qalmaq, ayaq üstə qalmaq, təslim olmamaq bizim missiyamızdır. Və biz cəmiyyətin o üzvlərinə müraciət edirik ki, onlar özlərinin üzərində vətəndaş məsuliyyəti adlanan bəlli bir missiyanı olduğunu dərk edirlər. “Azadlıq” üzərində konkret bir missiya daşıyan ictimai fenomendir. Biz bu fenomenin dəyərini və önəmini anlayanlara müraciət edirik. Deyirik ki, bizi təslim etməyə haqqınız yoxdur! “Azadlıq” yaşamalıdır və təslim olmadan yaşamalıdır. Ram edilmiş azadlıq olmur!”

51 yaşlı Qənimət Zahid 1990-cı ildə Bakı Dövlət Universitetini bitirib. Həmin ildən “Azadlıq” qəzetində çalışıb, 1992-1994-cü illərdə redaktor olub. 2003-cü ildən qəzetin baş redaktorudur.

2007-ci ilin noyabrından 2010-cu ilin martına qədər həbsdə yatan Qənimət Zahid 2011-ci ilin sentyabrında təzyiqlər üzündən ailəsini Fransaya aparıb.