Bu gün Səbail rayon məhkəməsində "Azadlıq" qəzetinin həbsdə olan yayım direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Aytən Əliyevanın icraatında olan prosesdə vəkil Fəxrəddin Mehdiyev "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, birinci müavini Rahim Hacıyev və qəzetin əməkdaşı Xəyal Babayev yazılı məktublarını məhkəməyə təqdim edib. R.Hacıyev və X.Babayev məktubda qeyd ediblər ki, istintaqdakı ifadələrini təzyiq altında veriblər, ona görə də həmin ifadələrdən imtina edirlər.
Xahiş edirlər ki, o ifadələr sübutlar siyahısından çıxarılsın. Q.Zahid isə qeyd edib ki, Faiq Əmirlinin təşkilati və maliyyə məsələləri ilə bağlı qərar vermək səlahiyyəti olmayıb. Məhkəmə məktubları qəbul etməkdən imtina edib və hakim bildirib ki, məktub ya faks, ya da teleqramla göndərilməlidir. Adı çəkilən şəxslər hazırda mühacirətdədirlər. Məcburi gətirilmə qərarı çıxarılan 30-a yaxın şahid məhkəməyə gəlmədiyi üçün iclas təxirə salınıb. Proses iyulun 14-də davam etdiriləcək.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər