Qənirə Paşayeva Marneulidə

qenire-pasayeva-marneulide-
Oxunma sayı: 675

“Qafqazinfo”nun verdiyi məlumata görə, Azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində İslam İnkişaf Bankı (İİB) Gürcüstandakı gürcü ali məktəblərində təhsil alan 6 nəfər azərbaycanlı tələbəyə yardım edib. Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) keçirilən görüşdə AMM-in rəhbəri Fazil Həsənov və Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva çıxış edərək azərbaycanlı tələbələrə ayrılan yardımı yüksək qiymətləndiriblər.

AMM-in rəhbəri Fazil Həsənov bu yardım layihəsinin İİB tərəfindən təqaüd proqramı şəkilində həyata keçiriləcəyini bildirib. “Biz iki il bundan əvvəl İİB ilə azərbaycanlı tələbələrə faizsiz kredit vermək barədə memorandum imzaladıq. Bu ildən başlayaraq İİB azərbaycanlı tələbələrə artıq yardım göstərməyə başlayıb. Bu gün biz mətbuat nümayəndələrinin və rəsmi şəxslərin iştirakı ilə Gürcüstanın universitetlərində təhsil alan 6 nəfər azərbaycanlı tələbəyə bu yardımı təqdim etdik. Bu yardımlar davam edəcək. Memoranduma əsasən bizə ixtiyar verilib ki, daha 5 nəfəri uyğun gələn meyarlarla seçib yardım üçün İİB-na təqdim edək. İlk olaraq tibb universitetlərində təhsil alan 5 tələbəyə və bir nəfər mühasibat fakültəsində təhsil alan tələbəyə yardım etdik. Çox məmnunam ki, AMM Gürcüstanda İİB-nın əsas vasitəçi nümayəndəliyi seçilib”.

Fazil Həsənov əlavə olaraq qeyd edib ki, İİB-nın maliyyələşdirdiyi bu layihədə xaricdə bakalavr pilləsində təhsil almağa da şərait yaradılıb. “Belə ki, tələbələrin ehtiyaclarını nəzərə alaraq, məbləğ dəyişəcək və xaricə getmək üçün yol xərcləri də təhsil xərclərinə əlavə olunacaq. İnanırıq ki, bir neçə ildən sonra artıq onlarla azərbaycanlı tələbə intellektli şəxslər kimi Gürcüstanda mühüm vəzifələrdə çalışacaq, krediti ödəyərək digər tələbələri də bu proqrama cəlb etmiş olacaqlar", deyə Fazil Həsənov bildirib.

Qeyd edək ki, İİB-nın ayırdığı yardım layihəsi bütün bölgələrdə yaşayan müsəlman tələbələr üçün nəzərdə tutulub.

Tədbirdə Tiflis Tibb Universitetində təhsil alan tələbələrdən Əzəmət Məmmədov, Sara Mahmudova, Xavər Mədinəyeva, Elçin Qədimov, Maya Qocayeva və mühasiblik fakültəsində təhsil alan Şəfəq Məmmədovaya 700 dollar həcmində yardım təqdim edilib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, jurnalistlər, Gürcüstanın ali məktəblərində və Yaxın Doğu Universitetində təhsil alan tələbələr, ziyalılar və valideynlər tədbirdə iştirak edib.