“Qəpik-quruşa görə bəziləri heysiyyətini satır” - Sədr

qepik-qurusa-gore-bezileri-heysiyyetini-satir
Oxunma sayı: 3759

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyevin “Qafqazinfo”ya müsahibəsi:

- Son günlər əfqan veteranların müxtəlif qalmaqallarda adı hallanır. İstər Fərman Məmmədovla deputat Elmira Axundova məsələsində olsun, istərsə də sizə qarşı səsləndirilən ittiihamlarda.

- Fərman Məmmədovun nə bizə, nə də ki təşkilata aydiyyatı var. Bizim onunla elə bir əlaqəmiz olmayıb. O, sadəcə Beynəlmiləlçi-döyüşçülər Şurasının sədri idi. Səhv etmirəmsə, artıq 15 ildir fəaliyyətini dayandırıb və daşınmaz əmlak işi ilə məşğul olur.

- Mediada yayılan məlumatlara görə, o, sədrlikdən kənarlaşdırılan zaman sizə də kömək üçün müraciət edib.

- Mən onu tanıyıram, salam sağolumuz var. Ancaq heç vaxt yaxın münasibətimiz olmayıb. Belə deyək, döyüşçülərin adlarının bu kimi mövzularda hallanmasını istəməzdim. İçi elə biz qarışıq.

- Əfqan döyüşçülərin torpaq üstündəki davası nədənsə bitmir. Əvvəl daha böyük torpaqlar uğrunda savaşırdılar, indi isə sot, əmlaka görə. Bu hadisələri necə qiymətləndirirsiz?

- Əslində, Fərmanı normal insan kimi tanıyırdım. Ancaq onun haqqında sonradan çox şey öyrəndim. Həyatda hər şey ola bilər, insan dəyişir. Biz ətraflı bilmirik ki, Elmira xanımın (Axundova) oğlu ilə onun arasında nələr baş verib? Rusların yaxşı bir sözü var, dostları bir-biri ilə döyüşdürmək istəyirsinizsə, aralarında pulu bölün. Mən elə başa düşürəm ki, əgər bunlar dost olmasaydı, bir-birlərinə pul verməzdi. Veriblər, bölə bilməyiblər, sonra da davaları düşüb. Başqa nə deyim? O pullar mənim üçün böyük məbləğlərdir, dilimə gətirməyə qorxuram. Sonradan döyüş yoldaşının ayağının altını qazan, tamahkarlıqdan kimlərəsə şər atan döyüşçülər elə düşmənlə üz-üzə duranda da eyni olub. Onlar döyüş yoldaşını meydanda qoyub qaçıb gizləniblər. Əsl döyüşçü belə olmur axı. Söhbət sadəcə, Fərmandan getmir, dediklərim bugünkü gündə qarayaxma ilə məşğul olan, tamahına görə dostlarına üz çevirən bütün döyüşçülərə aiddir.

- Əvvəllər də sizə qarşı bu ittihamlar səsləndirilib, ya bu ildən qızışıb?

- Sədr olduğum ilk illərdə də çox olub. Bunlar elə bilir ki, mən MDB üzrə Beynəlmiləlçi-döyüşçülər komitəsinin sədri Ruslan Alışova arxayınam və mənim arxamda o durur. Ancaq Ruslan Alışov keçən ildən istefaya getdi, ondan sonra düşünüblər ki, Məhəmməd arxasız qalıb, gəlin vuraq. Amma yanılıblar. Hazırki Azərbaycan Əfqanıstan Veteranlar İctimai Birliyi artıq uzun müddətdir ki, fəaliyyətdədir və 11 ildir ki, Birliyin sədriyəm. Gördüyümüz işlər də göz qabağındadır, haqqımızda səsləndirilən ittihamlar da. Əziyyət çəkirik, düzü istəməzdik ki, mediada adımız belə hallansın. Son 5 ildə təşkilat adından veteranlar üçün ayrı-ayrı dövlət orqanlarına, strukturlara 650-dən çox müraciətimiz olub. Bunlardan 391-i sosial yönümlü müraciətlərdir. Onların da 70%-i müsbət həll olunub. Əfsuslar olsun ki, bu qədər əziyyətimizə baxmayaraq, son şikayətlərə görə bizim adımız torpaq qalmaqalları ilə gündəmə gəldi. Bəli, 2009-cu ilə kimi torpaq məsələsi olub, ancaq bu torpaq cəmiyyətə ayrılmayıb. Bələdiyyələrə verilib ki, müraciət edən veteranlara paylansın. Özünüz də bilirsiz ki, həmin şikayətlərə prokurorluq səviyyəsində baxılıb, araşdırılıb və bir əsası olmadığı müəyyən olunub. Məsələnin üstündən 6-7 il keçəndən sonra eyni şikayətlər yenidən gündəmə gəlib. Bayaq qeyd etdiyim kimi bunun da səbəblərini biz az-çox bilirik.

- Birliyin keçmiş sədri Məmməd İsgəndərovu nəzərdə tutursunuz?

- Bəli. Sanki məsələ artıq qisas halına keçib. Bu, onun bugünkü uğurlarımıza kölgə salmaq üçün gördüyü işlərdir. Məmməd İsgəndərovun verdiyi qəpik-quruşa görə bəzi veteranlar heysiyyətini satır. Amma bunu bütün əfqanların adına yıxmaq olmaz. Bizim cəmiyyətin üzvləri normal, vətənini sevən insanlardır. Düzdür, bəzilərinin müraciətlərini həll edə bilmirik. Bu da bizdən asılı bir şey deyil, dövlətdən asılıdır. Məsələn, hazırda əlillərin mənzil məsələsinə yardım edə bilmirik. Şikayətçilər də bunu əlində bayraq tutur ki, Məhəmməd Vəliyev işləyə bilmir. Axı dövlətin proqramı var. Hazırda ölkədə birinci növbədə Qarabağ əlilləri mənzillə təmin olunur. 2018-ci ildən sonra isə Əfqanıstan müharibəsi əlillərinin işinə baxılacaq. Bəziləri bunu başa düşmək istəmir, keçmiş sədr onları bir az da həvəsləndirir, başlayırlar belə şikayətlər etməyə.


- Keçmiş sədr də Əfqanıstan müharibə veteranıdır?

- Nə bilim, o vaxt araşdırmalar aparıldı və deyildi ki, müharibədə iştirak etməyib.

- Həmin sözlər hazırda sizin haqqınızda deyilir. Rütbənizi bilmək olar?

- Ehtiyatda olan kapitanam. Bəli, indi də o sözləri mənim adıma deyirlər. Təəssüf ki, adlarımız oxşardır. Yenə deyirəm, bu deyilən sözlər yalan da olsa, bizim adımıza ləkədir. Haqqımızda yazılanları oxuyan hər kəs zəng vurur. Sizə siyahını da göstərə bilərik ki, şikayətdə adı çəkilən veteranların çoxu bizim bələdiyyəyə müraciətimizlə 2008-ci ildə torpaq alıb. Sonra deyirlər ki, pul yemişik. Sizə göstərdiyim bu qəbzlərdə ödənilən məbləğ 12 mindən çox edir və burada nəyə nə qədər xərclədiyimiz birə-bir yazılıb. Ancaq son 5 ildə bizə gələn üzvlük haqqı cəmisi 4500 manat olub. Onu da qeyd edim ki, həmin şikayət edən insanlar son illər ərzində cəmiyyətin nizamnaməsinə əsasən heç illik üzvlük haqqını da ödəməyiblər. Hazırda Gənclər və İdman Nazirliyi ilə böyük bir layihənin üstündə işləyirik. Düzü, nazirliyin adını belə çəkməyə qorxuram, dünən Müdafiə Nazirliyinə göndərdikləri kimi indi də oraya şikayət məktubları göndərəcəklər. Hansı qurumla müsbət bir iş ortalığa çıxarırıqsa, həmin dəqiqə qaralamağa başlayırlar. Axı biz tez-tez səngərlərdə oluruq, əsgərlərimizlə görüşürük, gördüyümüz işlərin əvəzi belə olacaq?

- Müharibədə döyüşənlərlə görüş, yəqin ki, əsgərlərimizi də ruhlandırar. Səngərlərdə olan zaman sizə münasibətləri necə olur? Daha çox nəylə maraqlanırlar?

- Düşünürük ki, əsgərlərimiz bizi görüb həvəslənəcək. Ancaq onları görəndə biz özümüz həvəslənirik. O qədər istəklidirlər ki, mən əminəm bu gün hücum əmri verilsə, dönüb geriyə də baxmazlar. Bəzən biz də atışmalarda iştirak edirik, bizi doğma valideynləri kimi görürlər. Əsgərlərimizi daha da həvəsləndirmək üçün hazırladığımız sertifikatları nümunəvi xidmətlərinə görə onlara təqdim edirik, çox sevinirlər. 1993-cü ildə Heydər Əliyev televiziyadan ilk çağırış etdikdən sonra biz-əfqanlarla görüşdü. Qarabağa ilk gedənlər də elə biz olduq, 169-cu hərbi hissə. Bundan başqa, Müdafiə Nazirliyinin əsasını da əfqan döyüşçülər qoyub. Bu gün həmin əfqanlar böyük generallar, təcrübəli komandirlərimizdir. Rövşən Əkbərov, Yaşar Aydəmirov, Qorxmaz Qarayev və başqaları ilə hələ də görüşürük. Əfqanlardan 8-i “Milli Qəhrəman” adı qazanıb . Murovdağda nə qədər silahdaşlarımız həlak olub, onların xatirəsinə abidə ucaltdıq ki, yaddan çıxmasın.

- Eşitdiyimə görə, əfqan döyüşçülər uzun müddət cəmiyyətə adaptasiya ola bilməyib. “Əfqan sindromu” il bağlı Rusiyada xeyli filmlər çəkilib. Sizdə necə oldu? Artıq həmin sindrom döyüşçülərimizdən sovuşub?

- Bəli, ilk illərdə problemlərimiz olub, ancaq indi öyrəşmişik. Artıq nəvələrə uyğunlaşırıq, evdə arvadın çox danışmasına uyğunlaşırıq, o dövrü keçmişik daha. Gənc vaxtlarımızda belə hallar çox olurdu. Hər səhər görürdülər ki, mən yumşaq yataqda yox, adyalı yerə sərib quru polda yatıram. O vaxt biz çox çılğın idik, hər şeyə reaksiya verirdik. Artıq o günləri gülərək xatırlayırıq və əfqan döyüşçülərin adını yaşatmaq üçün də bu təşkilat təsis olunub. Biz dövlətdən maliyyələşmirik, sağolsun şikayətçi olan veteranlarımız heç üzvlük haqqı da vermirlər ki, təşkilatı yaşada bilək. Dövlət tərəfindən diqqət var, onu dana bilmərik, sadəcə hər şey bir az səbrlə olmalıdır. Sovet dövründə çox döyüşçümüz mənzillə təmin olunub. Hazırda dövlətin vəziyyətini də nəzərə almaq lazımdır. Qarabağ müharibəsinin nə qədər iştirakçısı var, 20 mindən çox şəhid ailəsi, əlillər var. Bizim də payımıza Əfqanıstan düşüb. Düzdür, elə məsələlər var idi ki, onun dalınca düşmək üçün Birliyin fəaliyyəti lazım idi. 9 il biz yazdıq ki, Əfqanıstanda həlak olanların ailələri şəhid ailələrinə bərabər tutulsun. 2014-də fərman verildi, artıq həmin ailələr hər ay 200 manat pensiya alır. Maşın növbəsində duranların hamısı maşınla təmin olundu. Deyirlər ki, onlardan pul tələb etmişik, heç onların üzünü tanımıram. Bir çağırsınlar, görək kimdən pul istəmişik. Bizim o məsələlərə qarışmağımız mümkünsüzdür. Hazırki əsas vəzifəmiz gəncləri yetişdirməkdir. Onları hərbi vətənpərvərlik ruhunu aşılamaq üçün sərhəd bölgələrinə daimi səfərlərimiz olur. İşimiz budur bizim, torpaq alıb satmaq yox.

- Bəs indiki ordunun vəziyyətini necə qiymətləndirirsiz? Bəzən zabit-əsgər münasibətlərində xoşagəlməz xəbərlər yayılır.

- Bugünkü ordumuz Sovet dövrünün ordusundan da üstündür. Nizam-intizamı görürük. Bu, öz yerində. Ancaq bircə o dediyiniz zabit-əsgər münasibətləri qaydasına düşsəydi, lap əla olardı. Özümdən bir misal çəkim. O vaxt mən öz tağımımdan başqa tağıma keçmək istəyirdim. Rus tağım komandirim əsəbi halda yanıma gəldi, bilmirdi neyləsin. Mənə dedi ki, mən sənə valideyn kimi olmuşam, nələr etmişik, indi sən dəyişmək istəyirsən? Bizim aramızda ata oğul münasibətləri var idi. Həmin an mən utandığımdan bilmədim nə edim. İndi bizdə də bir az o münasibətlər qaydasına salınsa, çox gözəl ordumuz var.

- Son olaraq müharibələrdə iştirak etmiş biri kimi bu Qarabağ məsələsinin sonunu necə görürsüz?

- Çox qəliz regionda yaşayırıq. Həm maddi, həm də mənəvi cəhətdən çox güclü olmalıyıq. Düşünürəm ki, Qarabağ məsələsi də elə güc yolu ilə həll olunacaq.

Günel Hacı
Fotolar: Nuran