Erməni deputatların nifrət dolu çıxışlarına göz yuman sədr...

ermeni-deputatlarin-nifret-dolu-cixislarina-goz-yuman-sedr
Oxunma sayı: 3718

Bu il Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olmasından 20 il keçir.

"Qafqazinfo" xəbər verir ki, ötən illər ərzində ölkəmiz Avropa Şurasıyla əməkdaşlıqda bir sıra nailiyyətlər əldə etsə də, sözügedən qurum Azərbaycana qarşı mütəmadi olaraq ikili standartlardan çıxış edib. Baxmayaraq ki, Azərbaycan bu qurum qarşısında götürdüyü öhdəliklərə sadiq qalıb. Bununla bərabər zaman-zaman ölkəmiz əleyhinə müxtəlif qətnamələr qəbul edilib. Azərbaycanla eyni vaxtda quruma üzv olan Ermənistana isə az qala, "gözün üstə qaşın var" deyən olmayıb. 

Azərbaycanın bu qurum qarşısında öhdəliklərindən biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ olub və bununla bağlı monitorinqi Avropa Şurası həyata keçirib.

Xatırladaq ki, 2005-ci ildə Avropa Şurası Ermənistanın işğalçı dövlət olduğunu və Azərbaycan torpaqlarında etnik təmizləmələr apardığı barədə qərar qəbul edib. Həmin tarixdən bir müddət əvvəl Avropa Şurasında Sərsəng su anbarı ilə bağlı qətnamə qəbul edilib. Reallıqda isə bu qərarların heç biri sona çatdırılmayıb. AŞPA münaqişənin ədalətli həllinə dəstək üçün qərarların icra edilməsiylə bağlı Ermənistana sanksiya tətbiq etməli idi. Əgər beynəlxalq qanunlar üzərindən Ermənistana sanksiyalar tətbiq edilsəydi, bəlkə də işğal 30 il çəkməyəcəkdi. 

Prezident İlham Əliyev də çıxışlarında 20 il ərzində bu təşkilatın Azərbaycanı hədəf seçdiyini və onun beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdə olduğunu bəyan edib. O bildirib ki, təşkilat dünyada gedən proseslərin heç birinə təsir etmək gücündə deyil: "Onun nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi orada hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir. Sözün düzü, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib. Çünki təxminən 20 il ərzində müxtəlif dövrlərdə siyasi sifarişi icra edərkən Azərbaycan hədəf seçilibdir, bizim haqqımızda olmayan yalanlar uydurulur, yayılır. Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir, Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir"-deyə, ölkə başçısı çıxışlarının birində qurumun fəaliyyətini sərt tənqid edib. 

Azərbaycanla bağlı vaxtaşırı qəbul edilən qərəzli qətnamələrə görə hətta bu qurumdan çıxmağımız üçün təkliflər də səsləndirilib.  

Ölkəmiz əlbəttə ki, öz beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü ötən il 44 günlük müharibə nəticəsində təmin edərək erməni işğalına son qoydu. Ancaq müharibədən sonra da biz yenə erməni revanşizminin müxtəlif platformalarda baş qaldırdığının şahidi oluruq. Aprelin 19-da öz işinə başlayan AŞPA-nın yaz sessiyasında da erməni deputatlar nifrət dolu çıxışlar edirlər. Ermənistan nümayəndələri hələ də öz yanaşmalarını, ritorikalarını dəyişə bilmirlər. Avropada milli azlıqlar haqda müzakirə zamanı Ermənistan nümayəndə heyətinin üzvləri azərbaycanlılara qarşı nifrət dolu çıxışlar ediblər. 

Azərbaycan nümayəndə heyətinin üzvləri tərəfindən erməni deputatların çıxışlarına kəskin reaksiyalar verilir və qarşı tərəf susdurulur. Beləliklə də, Ermənistan nümayəndə heyətinin Azərbaycana qarşı kampaniya təşkil etmək cəhdləri iflasa uğrayır. Erməniləri cəmi bir neçə fransız deputat dəstəkləyib. Bunun da səbəbləri hamıya bəllidir. İclasa rəhbərlik edən sədr hər kəsin söz azadlığının olduğunu vurğulasa da, onun erməni və ermənipərəst deputatların nifrət dolu çıxışlarına göz yumduğu açıq-aşkar hiss edilir. Bu da Azərbaycana qarşı AŞPA- nın növbəti qərəzi kimi qiymətləndirilməlidir. 

Budəfəki sessiyada "erməni hərbi əsirləri, digər əsirlər və köçkünlər” adlı sərbəst debatlar keçirilib.  Assambleyanın belə bir məsələ ilə bağlı sərbəst debat aparmaq qərarı nümayəndə heyətimizin üzvlərində də məyusluq doğurub. Üstəgəl, müzakirələr birtərəfli qaydada aparılıb. Ancaq Assambleya azad olunmuş ərazilərimizin minalardan təmizlənməsiylə bağlı heç bir müzakirə təşkil etmir. Əksinə olaraq, hərbi cinayətkarlar barədə mövzuya toxunur. 

Halbuki Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, 10 noyabr bəyanatından sonra saxlanılanlar əsir yox, diversant və hərbi cinayətkarlardır. Maraqlı məqam isə müzakirələr zamanı erməni cinayətkarla bağlı məsələdə Rusiyadan olan 5 deputatın Ermənistanın əleyhinə səs verməsidir. 

Təəssüf ki, bu gün yenə də əyani şəkildə Avropa Şurasının bir təşkilat kimi çox çətin bir böhran içində olması hiss edilir. Burada təmsil olunan erməni və ermənipərəst deputatların arxasında Soros Fondu dayanır. Onlar məhz bu Fondun dəstəyinə arxalanaraq Azərbaycana qarşı kampaniya təşkil edirlər. Paşinyan hakimiyyətinin Sorosla yaxşı münasibətlərinin olduğu həqiqətdir. Çünki onun dövründə hakimiyyətdə əsas vəzifələri Corc Sorosun dəstəklədiyi qeyri-kommersiya təşkilatlarının yetirmələri tutmağa başlayıb. Odur ki, Qərbdən olan himayəçilərinin dəstəkləri fonunda erməni deputatlar  nifrət dolu revanşist çıxışlarını davam etdirməkdən çəkinmirlər. Bu çıxışlara isə Avropa Şurası Parlament Assambleyasında "dur!" deyən yoxdur. 

Günel Türksoy