Qərb Universiteti mühəndislər hazırlayacaq

qerb-universiteti-muhendisler-hazirlayacaq
Oxunma sayı: 683

Qərb Universitetində yeni yaradılmış Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik fakültəsində ayrı-ayrı mühəndislik istiqamətləri üzrə kadr hazırlığı aparılacaq.

"Qafqazinfo" xəbər verir ki, növbəti tədris ilindən etibarən Yerquruluşu, Torpaq və Şəhər Kadastrı, Mexatronika və robototexnika mühəndisliyi, Poliqrafiya mühəndisliyi, Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi, Cihazqayırma mühəndisliyi, Mexanika mühəndisliyi, Mühəndis  sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, Sistem mühəndisliyi, Ekologiya mühəndisliyi, Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi, Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi, Mexanika mühəndisliyi və Kompüter mühəndisliyi ixtisasları üzrə kadr hazırlığı həyata keçiriləcək.

Fakültədə yaradılmış Geomatika Mərkəzi ölkəmizdə bir ilkdir. Mərkəz Coğrafi İnformasiya Sistemləri, Geodeziya və Xəritəşünaslıq, Fotoqrammetriya, Məsafədən Zondlama, Ətraf Mühit və Ekologiya, Torpaqşünaslıq və s. sahələr üzrə praktik tədris aparmağa imkan verəcək.

Bu sahələr üzrə ixtisaslı kadrların hazırlanması üçün universitetdə ən müasir laboratoriyalar qurulmaqdadır. Laboratoriyaların təşkilinə bu sahədə böyük təcrübəsi olan ABŞ və Avropa şirkətləri cəlb edilib. Ekologiya mühəndisliyi sahəsi üzrə qurulmaqda olan laboratoriyanı xüsusilə vurğulamaq olar. Burada aparılacaq bir sıra proseslər ölkə üzrə ilk dəfə Qərb Universitetində reallaşdırılacaq. Ağac emalı ilə bağlı istifadə olunacaq qurğular da ölkədə ilk dəfə Qərb Universitetində tətbiq olunacaq.

Universitetdə daha bir unikal laboratoriya - genetik analizlərin aparılmasına imkan verən laboratoriya da qurulmaqdadır.

Mühəndislik ixtisaslarının tələbələri bir sıra müvafiq dövlət qurumlarında və aparıcı özəl şirkətlərdə təcrübə keçəcəklər. Universitet bu istiqamət üzrə beynəlxalq layihələrə qoşulmağı, tələbələrinin müxtəlif beynəlxalq proqramlarda iştirakını təmin etməyi planlaşdırır. Tələbələrin dünyanın nüfuzlu universitetlərində təcrübə keçməsi üçün də müvafiq işlər aparılır.

Qərb Universitetinin 2017/2018-ci tədris ili üçün qəbul aparacağı bütün ixtisaslar barədə ətraflı olaraq aşağıdakı linklərdən məlumat əldə edə bilərsiniz: