Bakı Ağır Cinayətlər Məhkəməsində 2 nəfərin ölümünə, 9 nəfərin yaralanması ilə yol qəzası törətməkdə təqsirləndirilən Rac Əliyevin məhkəməsi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim İradə Həsənzadənin icraatında olan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, R.Əlizadə etibarnamə olmadan idarə etdiyi, lizinq şirkətinə məxsus “Daewo Gentra” markalı avtomobillə Mərdəkan qəsəbəsi ərazisində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq sürücü Şovqatov Ələddinin idarə etdiyi “VAZ – 21063” markalı avtomobili arxadan vurub, daha sonra isə Xamnət Quliyevin idarə etdiyi “VAZ- 2106” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində Ə.Şovqatovun azyaşlı nəvəsi Müsab hadisə yerində vəfat edib. R.Əlizadənin sərnişini olan qayınanası, 1959-cu il təvəllüdlü Sevda Abdullayeva isə yerləşdirildiyi 3 saylı Sabunçu rayon Xəstəxanasında vəfat edib.
İttihama münasibət bildirən R.Əlizadə özünü təqsirli bildiyini deyib və hər şeyin ittihamda yazıldığı kimi olduğunu bildirib. Zərərçəkmişlər – Ə.Şovqatov və X.Quliyev şikayətçi olmadıqlarını bildiriblər.
Nəvəsi ölən Ə.Şovqatov “qəsdən öldürməyib ki, qəzadı da” deyərək barışdıqlarını bildirib. O, qəza zamanı xəsarət alan digər ailə üzvlərinin müalicəsi üçün R.Əlizadənin maddi yardım etmədiyini də bildirib: “Özü kasıb adamdır, mənə nə kömək edəcək”.
Mərhum Müsab Şovqatov atası Zaur Şovqatov və anası Əminə Şovqatova da qəza zamanı yüngül xəsarət alsalar da, şikayətçi olmadıqlarını bildiriblər.
Məlum olub ki, lizinq şirkəti avtomobili Elbrus Mirzəyev adlı şəxsə verib. O isə maşını etibarnamə olmadan idarə etməsi üçün Rac Əlizadəyə verib. Qəza zamanı lizinq şirkətinə dəyən 3550 manat maddi ziyan ödənilməyib.
Proses aprelin 16-da davam etdiriləcək. Qəza zamanı 28 yaşlı Lalə Behbudova, 38 yaşlı Rac Əliyev, 60 yaşlı Səriyyə Şovqatova, 65 yaşlı Ələddin Şovqatov, 34 yaşlı Əminə Şovqatova, 35 yaşlı Zaur Şovqatov, 11 yaşlı Nəzrin Əliyeva Rac qızı, 5 yaşlı Yusif Hacıyev, 3 yaşlı Adəm Hacıyev xəsarət alıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər