Qətərdə keçiriləcək DÇ-yə etirazlar davam edir

qeterde-kecirilecek-dc-ye-etirazlar-davam-edir
Oxunma sayı: 2560

Cari ilin noyabrında Qətərdə start götürəcək futbol üzrə dünya çempionatına etiraz edənlərin sayı hər gün çoxalır. “Qafqazinfo” xəbər verir ki, həm məşhurlar, həm də bir çox komandalar bu ölkədə mundiala hazırlıq üçün gedən tikinti işlərində insan haqlarının pozulmasına qarşı çıxıblar. 

Belə ki, qeyri-adi arenaların tikintisi zamanı minlərlə insanın həlak olduğu deyilir və bu DÇ-yə yollanacaq komandalar tərəfindən yaxşı qarşılanmayıb. Bu məsələdə FİFA-da günah görənlərin sayı da az deyil. 

İlk etiraz Norveç və Almaniyadan gəlib. Belə ki, hər iki ölkə DÇ-nin Qətərə verilməsinin FİFA tərəfindən atılan ən pis addım kimi dəyərləndirib. 

Norveç və Almaniya kimi dövlətlər 2021-ci ilin martında keçirilən beynəlxalq seçmə oyunlarında Qətərin 2022-ci il Dünya Çempionatına ev sahibliyi etməsi ilə birbaşa bağlı etirazlarda iştirak edərək insan haqlarını müdafiə ediblər.

Ən çox miqrantlara qarşı qanunsuz davranışlar iştirakçı ölkələri də özündən çıxarıb. Belə ki, 2010-cu ildə Qətər DÇ-nin ev sahibliyini qazanıb. Bundan sonra isə arenaların və infrastrukturun qurulması zamanı Hindistan, Pakistan, Nepal, Banqladeş və Şri-Lankadan olan 6500-dən çox miqrant həlak olub. 

Müəyyən edilib ki, ölümlərin əksəriyyəti qətərdəki hava şəraitinin əlverişsiz olmasından qaynaqlanır. 

Hollandiya yığması da son günlərdə bu məsələ ilə bağlı FİFA-ya və eləcə də aidiyyəti qurumlara etiraz edib. 
Norveç yığması Cəbəllütariq və Türkiyəyə qarşı keçirdiyi DÇ seçmə mərhələ oyununda üzərinə “Meydanda və meydandan kənarda insan haqları” yazılmış köynəklərlə çıxmışdılar. 

Almaniya yığması da İslandiya ilə matçdan əvvəl “İnsan haqları” yazan köynəklər geyinmişdi. 

Norveç yığmasının çalışdırıcısı Stale Solbakken etirazın səbəbini belə açıqlamışdı: “Məqsədimiz FİFA-ya bu cür hadisələrdə daha sərt qaydalar müəyyənləşdirməsi barədə etirazdır”. 

Hollandiya yığmasının məşhur baş məşqçisi Frank de Bur DÇ-yə getməmək barədə düşünəcəklərini bildirmişdi: “Mundiala vəsiqə əldə etsək də, ora gedib-getməyəcəyimiz barədə düşünəcəyik. Hamı bilir ki, Qətərdə baş verənlər biabırçılıqdır. Əslində, DÇ-ni boykot etmək doğru deyil, gedib orada etiraz etmək daha yaxşıdır”.

FİFA rəsmilərindən biri də bu məsələ barədə belə açıqlama verib: “FİFA dünya çempionatının hazırlıqları üçün gedən tikinti işlərində qəzaların tezliyi digər tikinti şirkətlərinin gördüyü böyük layihələrlə müqayisədə aşağı olub”.

2022-ci il Dünya Kuboku üçün infrastrukturun çatdırılmasına cavabdeh olan Qətərin Çatdırılma və Miras üzrə Ali Komitəsi (SC) aşağıdakı bəyanatı yayıb: “Biz Qətər-2022 dünya çempionatı ilə birbaşa əlaqəli layihələrdə işçilərin sağlamlığı və təhlükəsizliyi ilə bağlı həmişə şəffaf olmuşuq. 2014-cü ildə tikinti başlanandan bəri, işlə bağlı üç və qeyri-işlə bağlı 35 ölüm hadisəsi baş verib. SC gələcəkdə təkrarlanmamaq üçün hər bir hadisəni araşdıraraq, ibrət dərsi götürüb”.

“Mançester Yunayted”in əfsanəvi futbolçusu Erik Kontana da DÇ-nin Qətərə verilməsinə qarşı olduğunu dilə gətirib: “Budəfəki dünya çempionatı məni heç də maraqlandırmır, hansı ki, mənim üçün bu, real bir DÇ deyil. Baxmayacam. Başa düşürəm ki, futbol bir biznesdir. Lakin düşünürdüm ki, futbol hər kəsin şans əldə edə biləcəyi bir yerdir. Amma Qətər bir futbol ölkəsi deyil. Mən 90-cı illərdəki ABŞ və Cənubi Afrika kimi ölkələrdə futbolu inkişaf etdirmək məqsədilə DÇ-nin təşkil edilməsinə də qarşı deyildim. Ancaq bu sadəcə pul mövzusudur və onların stadionları tikmək üçün insanlara qarşı davranışları dəhşətdir. Minlərlə insan ölüb və biz hələ bu çempionatı qeyd edəcəyik”.