Qeybət edən kişilər -

qeybet-eden-kisiler-
Oxunma sayı: 1088


Bakıda tez-tez baş çəkdiyim bir neçə ünvan var. Məsələn, yaşı yetmişi ötmüş uzaq qohumum Fazil müəllimi həftədə ən azı iki dəfə ziyarət etməyi özümə borc bilirəm. Biz çay içir, nərd oynayır, gün-güzərandan, dolanışıqdan danışırıq. Fazil müəlim əsl ziyalı, dünyagörmüş ağsaqqal olduğu üçün onunla ünsiyyət mənə zövq verir. Həmişə çalışıram ki, oturub-durduğum, yoldaşlıq etdiyim adamların arasında Fazil müəllim kimi ziyalılar çox olsun.

Ötən gün yenə Fazil müəllimin yaşadığı məhəlləyə qonaq getmişdim. Hava isti olsa da, köhnə doqquzmərtəbənin həyətindəki güllü-çiçəkli bağçada çay içmək adama ləzzət edirdi. Buna görə də yarım saat ərzində masanın arxasındakı boş yerlərin hamısı doldu. Biz Fazil müəllimlə nərd oynasaq da, onun dörd uşaq atası olan yekəpər qonşusu naqolay sualları ilə tez-tez fikrimi yayındırırdı. Oyunun qızğın yerində məndən soruşdu: “Televiziya verilişlərinə çıxdığına görə sənə pul verirlər?”

Əvvəllər bu sualı eşidəndə bərk əsəbləşirdim. Hətta buna görə bir neçə nəfəri əməlli-başlı acılamışam. Sonra başa düşdüm ki, bu münvalla tanıdığım insanların əksəriyyəti ilə aramız dəyəcək. Buna görə də, son vaxtlar başımı yırğalamaqla kifayətlənirəm. Amma bu dəfə analoji qaydada davranmağın faydası olmadı. Fazil müəllimin qonşusu yaxamdan əl çəkmədi: “Bəs niyə orada özünü öldürürsən?”.

Bu dəfə Fazil müəllim dilləndi: “Ay Əbil, imkan ver oyunumuzu oynayaq”.

Araya sükut çöksə də, sakitliyin ömrü uzun olmadı. Əbil bu dəfə “Axtarıram səni” verilişinin ideya müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı barədə suallar verməyə başladı: “ Xoşqədəm xanım Bakıdadır, yoxsa Türkiyəyə gedib?”

Çiynimi çəkməklə kifayətləndiyim üçün təkcə Əbil deyil, masa arxasında əyləşmiş hər kəs başa düşdü ki, bu barədə heç bir məlumatım yoxdur.

Danışmağa həvəsim olmasa da, Əbil yaxamdan əl çəkmirdi: “ Deyirlər ki, Xoşqədəm xanım sentyabrda Türkiyəyə köçəcək. Bu, düzdür?”

Yenə çiynimi çəkdim. Axı mən Xoşqədəm Hidayətqızının şəxsi planları barədə necə məlumatlı ola bilərəm? Di gəl ki, bunu Əbilə başa sala bilmədim. Buna görə də, onun naqolay suallarından xilas olmaq şansım çox az idi. Əbil bu dəfə sırf Xoşqədəm xanımla həyat yoldaşı Doğuş bəyə aid olan suallar verməyə başladı. Daha dözə bilmədim: “A kişi, başqasının ailəsinə niyə burnunu soxursan, sənin başqa işin- gücün yoxdur?!”

Əbil pərt olsa da, bunu gizlətməyə çalışdı: “Müəllim, biz azərbaycanlıların xasiyyətini Allah kəssin. Eşitdiyimiz sözün axırına çıxmasaq, ürəyimiz partlayar”.

Onun sözünü ağzında qoydum: “Mən də azərbaycanlıyam. Amma heç vaxt başqasının şəxsi işinə qarışmıram”.

Görünür, bu sözlərim Əbilin xətrinə dəydiyi üçün daha heç bir sual vermədi. Amma onun Xoşqədəm Hidayətqızı və digər tanınmış qadınlar barədə mülahizələri uzun müddət davam etdi. Acınacaqlısı isə bu idi ki, masa arxasında əyləşmiş bütün kişilər həmin söhbətdə həvəslə iştirak edirdilər...

Fazil müəllimə üç “tas” uduzub ayağa qalxanda 13-14 yaşlarında bir oğlan qaça-qaça yanımıza gəldi. O, Əbilin qarşısında dayanıb dedi: “Anam deyir ki, atan pul versin, qatıq al”.

Əbil bu sözləri eşidəndə, uşağın üstünə qışqırdı: “Mən pul kəsmirəm, itil burdan”.

Uşaq döyülmək ehtimalının artdığını görüb, sürətlə bizdən uzaqlaşdı. Dünəndən bəri bir sual mənə rahatlıq vermir: görəsən, saatlarla çay süfrəsi arxasında vaxt keçirən, təkcə kişilərin deyil, həm də qadınların qeybətini edən bu adamlar niyə bir işin qulpundan yapışıb, beş manat qazanmırlar? Ola bilsin ki, onlar pulu “əl çirki” sayırlar. Amma unutmaq olmaz ki, heç bir dükanda adama pulsuz qatıq vermirlər...

“Qafqazinfo”