Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, toplantıda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışaraq bildirib ki, 2011-ci ildən dövlət tərəfindən qeyri-islam dini icmalara maliyyə yardımı ayrılır. Həmin icmaların ölkəmizdə fəal və səmərəli fəaliyyət göstərdiyini, Azərbaycanın maraqlarını müdafiə etdiklərini təqdirəlayiq hal kimi dəyərləndirən Komitə sədri dövlətin dini icmalara dəstəyinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.
Mübariz Qurbanlı qeyd edib ki, 19 qeyri-islam dini icmaya 380 min manat maliyyə vəsaiti ayrılıb və həmin vəsait ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə sərf ediləcək.
Azərbaycanda dövlət-din münasibətlərindən danışan komitə sədri bildirib ki, Respublika Prezidenti və Heydər Əliyev Fondu ölkəmizdə tolerantlığın və multikulturalizmin inkişafı istiqamətində böyük işlər görür, məscid, ziyarətgah, eləcə də kilsə və sinaqoqlar əsaslı təmir və bərpa olunur.
Eyni zamanda, Mübariz Qurbanlı bildirib ki, ölkəmizdə tarixən də dini ayrı-seçkiliyə yol verilməyib və Azərbaycanda hökm sürən tolerantlıq dünyaya nümunə kimi göstərilə bilər. Azərbaycanın ictimai - siyasi həyatında din özünəməxsus yer tutur və ölkəmizdə ictimai - siyasi və dini sabitlik hökm sürür. İstər müsəlman, istərsə də xristian ölkələri ətrafında gedən prosesləri diqqətlə izləməli və ondan nəticə çıxarmalıyıq.
Radikalizmlə mübarizədə bütün dini icmaları fəal olmağa çağıran DQİDK sədri icma sədrlərinə fəaliyyətlərində dini maarifləndirmənin genişləndirilməsinin vacibliyini tövsiyə edib.
Qeyd edək ki, prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb.
Son xəbərlər
Son Xəbərlər