Qeyri-neft ixracatımızda Türkiyə Rusiyanı üstələdi

qeyri-neft-ixracatimizda-turkiye-rusiyani-usteledi
Oxunma sayı: 1481

“Bu ilin ilk 4 ayının yekunlarına görə, Azərbaycanın qeyri-neft məhsullarının 34,2 %-i qardaş Türkiyəyə ixrac edilib. Uzun müddət ölkəmizin qeyri-neft ixracatında birinci olan Rusiya 24 % payla ikinci sıraya enib”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, bütövlükdə, 2023-cü ilin yanvar-aprel aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 21,2 %, real ifadədə 17,5 % artaraq 1 milyard 187 milyon dollar olub.

“Qeyri neft-qaz məhsulları üzrə ixracatımızda Türkiyə və Rusiya ilə yanaşı Gürcüstan (12 %), İsveçrə (4,1 %), Qazaxıstan (2,9 %), Türkmənistan (2,3 %), Ukrayna (2,3 %), İtaliya (1,6 %), Belçika (1,5 %), Özbəkistan (1,3 %), Rumıniya (1,3 %), Almaniya (1,1 %), Çin (1,1 %), Birləşmiş Ərəb Əmirlikləri (1,1 %) ticarət tərəfdaşlarımızdır.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında strateji əlaqələrin son illər daha da güclənməsi müşahidə olunur. Artıq iki ölkə arasında ticarət döriyyəsi 6 milyard dollardan çoxdur. Hədəf yaxın illərdə ticarət dövriyyəsini 10 milyard dollara qədər artırılmasıdır”, - deyə parlamentari vurğulayıb.