“Ölkə ərazisində müşahidə olunan qeyri-sabit yağıntılı hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək. İyunun 1-i və 2-də gecə və səhər saatlarında yağıntılarda qısa müddətli fasilə olsa da, gündüz saatlarında arabir yağış yağacaq”.
Bu barədə “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, ayrı-ayrı yerlərdə isə yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur: “Qərb küləyi bəzi bölgələrdə arabir güclənəcək. Gözlənilən intensiv yağışlarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur”.
G. Məmmədova, həmçinin əlavə edib ki, şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti yağıntılı olub, şimşək çaxıb, dolu düşüb, güclü şimal-qərb küləyi əsib. Bəzi yerlərdə isə yağıntılar leysan xarakterli olub. Bəzi rayonlarda yağıntının miqdarı 28-45 mm-dək qeydə alınıb ki, bu da aylıq normanın 50-60 faizini təşkil edir.
***
İyunun 1-i saat 12:00-a olan məlumata görə, ölkə ərazisində hava şəraiti sabit, əsasən, yağmursuzdur.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, mayın 31-də Göyçay rayonunda axşam saatlarında güclü külək müşahidə olsa da, hazırda zəif şərq küləyi əsir: “Havanın temperaturu 24-26 dərəcə istidir. Qəbələ, Şamaxı, Şəki, Zaqatalada dünən axşam saatlarında intensiv yağış müşahidə olundu. Hazırda hava yağmursuzdur. Temperatur 22-23 dərəcə istidir”.
O bildirib ki, günün birinci yarısında ölkə ərazisində havanın sabit, əsasən yağmursuz keçməsi müşahidə olunsa da, günorta saatlarında bəzi yerlərdə yağış yağacaq: “Əsasən Qazax-Gəncə, Balakən-Şəki, Quba-Xaçmaz rayonlarında yağıntıların leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur”.
Son xəbərlər
Son Xəbərlər