Qəzada ölən iki tələbənin telefonu yoxa çıxıb...

qezada-olen-iki-telebenin-telefonu-yoxa-cixib
Oxunma sayı: 685

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə qəza zamanı yol kənarında saxlanan "Zil" markalı maşının sürücüsü Elvin Şəmistanlı şahid qismində ifadə verib. O deyib ki, qəzadan sonra maşını satıb.

Valideynlər E.Şəmistanlının məsuliyyətə cəlb edilməsini istəyiblər və maşını xarab olduğu halda evakuator çağırmamasını sürücüyə irad bildiriblər.

Hakim deyib ki, məhkəmə gedişində E.Şəmistanlının hərəkətlərinə hüquqi qiymət veriləcək. N.Hüseynov isə qəza zamanı yola kubik və lent qoyulmasına şübhə etdiyini deyib: "Xahiş edirəm ki, videogörüntülərə baxılsın. Deyirlər 50 metr aralıda kubik qoyublar. Amma məsafə 10 metr olmazdı. Lent də olmayıb. Həmin lent sonradan da qoyula bilər".

Məhkəmədə o da məlum olub ki, qəza zamanı bəzi zərərçəkmişlərin telefonu itib. N.Hüseynov deyib ki, qəzada tələbələrdən Rəşad və Çinarənin telefonu itib.

Murad Əhməd