“Qəzada ölənlərin meyitləri müayinədən keçirilib” - Birinci müavin

qezada-olenlerin-meyitleri-muayineden-kecirilib
Oxunma sayı: 2486

"Helikopterin qəzaya uğraması ilə əlaqədar hazırda intensiv istintaq tədbirləri həyata keçirilir, zəruri istintaq hərəkətləri icra olunmaqdadır. Hazırda şahidlərin dindirilməsi, hadisə yerinə baxışın keçirilməsi təmin olunub. Zəruri ekspertizalar təyin edilib, meyitlərin xarici, o cümlədən daxili müayinələri həyata keçirilib. Hazırda intensiv qaydada zəruri istintaq hərəkətləri davam etdirilir".

“Qafqazinfo” xəbər verir ki, bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması ilə bağlı noyabrın 30-da təşkil olunan brifinqdə deyib.

Helikopterin qəzaya uğraması ilə bağlı ehtimal olunan ilkin səbəblər barədə sualı cavablandıran E.Məmmədov bildirib ki, ilkin səbəblərlə bağlı hazırda istintaq aparılır. İstintaqın hazırkı mərhələsində helikopterin qəzaya uğraması səbəbi kimi hər hansı müdaxilə inkar olunur. Yaradılmış istintaq qrupunun üzvləri hazırda bütün versiyaları, o cümlədən hava şəraiti, pilotun ehtiyatsız davranması və bu kimi digər səbəbləri araşdırırlar.

E.Məmmədov qeyd edib ki, istintaq qrupuna peşəkar müstəntiqlər daxil edilib. Cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsinin icraatına verilib. İstintaq qrupunun rəhbəri idarənin rəis müavini Sənan Paşayevdir.