Qəzəbləndirən kitab... -

qezeblendiren-kitab-
Oxunma sayı: 1309

    

Son zamanlar kitab yarmarkaları yazı-pozu adamlarının ənənəvi görüş yerinə çevrilib; yazıçılar, jurnalistlər, tərcüməçilər bura həm kitab almağa, həm kitab satanlara kömək etməyə, həm də bir növü dərd-sərimizi bölüşməyə, yazıya gələn və gəlməyən əbədi-əzəli, gündəlik problemlər və qayğılardan danışıb, yüngülləşməyə gəlirlər.

Elbrua Ərudla belə yarmarkalardan birində tanış olduq, ancaq “Anne annem” adlandırdığı kitabını o mənə üçüncü görüşümüzdə bağışladı. Daha doğrusu, kitabı almaq istədiyimi görüb, özü aldı və imzalayaraq hədiyyə etdi. 

Kitabı almaq istəməyimin əsas səbəbi, ilk baxışda bir qədər yekəxana görünən, ancaq dilinə görə dilçəyi də olduğu bəlli olan bu cavan oğlanın çox təvazökar bir ad qoyduğu kitabında nələr yazdığını bilmək idi. Onun ölkənin tanınmış saytlardan birinə rəhbərlik etdiyini bilsəm də, yazılarından elə də xəbərim yox idi. Hansısa məqaləsini, ya da köşəsini yəqin ki, oxumuşdum, amma indiki informasiya bolluğunda adam hər oxuduğunu və ya müəllifi yadda saxlaya bilmir. Buna son illər daha çox xarici bədii ədəbiyyatla maraqlanmağımın və vaxtımın çoxunu tərcüməyə sərf etməyimin təsiri də az deyil.

Kitabla tanışlığı olmayanlar üçün ilk öncə onu bildirim ki, burada Elbrus bəyin müxtəlif vaxtlarda yazdığı məqalələr, köşə yazıları və hekayələri toplanıb.  Müəllifin öz “anne annesinə”, yəni anasının anası olan nənəsinə həsr etdiyi ilk iki yazını elə metrodaca oxuyanda, bədənimdən soyuq gizilti keçdi, gözlərim yüngülcə yaşardı. Onunla bağlı ilkin təəssüratım dərhal dəyişdi – artıq o mənim nəzərimdə dil-boğaza qoymadan danışa-danışa heç kəsi bəyənməyən, hər kəsi istehza hərəfinə çevirməyə çalışan özündənmüştəbeh işbaz-jurnalist deyil, nənəsinin tumanının ətəyindən yapışıb durmadan zırıldayan, ondan daim şirni, noğul, qəpik istəyən, burnunun suyu dayanmayan, ayaqyalın-başaçıq bir kənd uşağıydı. Ancaq bu uşaq heç kəsin gözləmədiyi halda, qəfil böyüyüb, ağıllı, fərasətli, bilikli-bacarıqlı bir oğlan olmuş və hətta çox gənc yaşlarında nənəsinin əlinə alıb kəndi dolaşacağı, düşmənlərinə yandıq verib öyünəcəyi bir kitab da yazmış və oradakı bəzi şeir və hekayələri nənəsinə həsr etmişdi. Çünki nənəsinin “nağılları və xatirələri onun üçün bəşəriyyətin bütün kəşflərindən maraqlıdır”. O hesab edir ki, “əsl jurnalistin mütləq nənəsi olmalıdır”. Belə xoşbəxtlik hər kəsə qismət olmur. 

Elbrusun nənəsinə həsr etdiyi bu iki yazıda əslində bir romanlıq material gizlənib: babasının nənəsini qaçırarkən onun qoluna dörd bıçaq vurması, sonradan qolundakı bıçaq yerlərini itirmək istəyən qadının ora ərinin adını döydürməsi, müasir oxucunun, bəlkə də, asanlıqla anlaya bilməyəcəyi mənəvi-psixoloji detallardandır. Yaxud cavan oğlunu itirən ailənin, onunla birlikdə özünü də diri gözlü məhv etməsi, bundan sonra ər-arvad kimi yaşamağı özünə sığışdırmaması diqqətə layiq mənəvi-əxlaqı dəyərlərdir və müəllif özü də, qismət olsa, bu məsələləri gələcəkdə həcmcə daha böyük yazılarda qələmə alacağını bildirir. İnşallah! Bu mətləblərin Elbrusun qələmində çox maraqlı və oxunaqlı olacağını düşünürəm...

Bundan sonrakı məqalələrdə “nənəsinin nəvəsi olan əsl jurnhalistin” prinsipial, sərt, döyüşkən, həm də bir xeyli həssas, bir qədər duyğulu, özü kimi emosional, ancaq bütün mənalarda haqlı və obyektiv mövqeyi ilə qarşılaşırıq. “Euoruvision” müsabiqəsi qalibinin özü üzünü 1,5 milyona sığortalaması və Qarabağda yaralanıb üzü çürüyən əsgərin müalicəsinin yubadılması ucbatından tələf olmasından bəhs edən “Üzütüpürcəklilər” yazısı çox kədərlidir. Yazını oxuyanda hiss edirsən ki, müəllif bu mövzunu sadəcə problem şəklində işıqlandırmayıb, o bu acı hadisəni qələmə almaqla Azərbaycan cəmiyyətini utandırmağa da cəhd etməyib. Bu yazı onun öz xəcalətindən doğan bir yanğıdır, o belə bir cəmiyyətdə yaşamasından keçirdiyi utanca tab gətirə bilməyib və hisslərini klaviaturaya köçürməklə fəryad qoparmaqdan başqa çıxış yolu görməyib. Bu yazı əslində bir jurnalistin bir əsgərə tökdüyü göz yaşları, cənazəsi üzərində söylədiyi ağıdır. “Torpağı erməninin, əsgəri Səfər Əbiyevin əlində çürüyən bu ölkədə nə etmək lazımdır? Əsgərinin camalı çürüyən bir məmləkətdə “Eurovision” qalibi Nigarın öz camalını 1,5 milyona sığortalaması bu millətin hansı sifətindən xəbər verir?..” – deyə o haray çəkir. 

Kitabda toplanan məqalələrə bir yazıçı ruhu hakimdir. Müəllif təkcə cəmiyyəti narahat edən problemləri qabartmaqla kifayətlənmir, onlara həm də bədii boyalar qatır, onları özünəməxsus şirin, obrazlı bir üslubda qələmə alır. “Azərbaycanın hərb müəllimi” yazısında məktəb direktoru 20 Yanvar hadisələrinin iştirakçısı olmuş və üst-başı qana bulaşmış bir oğlanı şagirdlərə təqdim edir. Növbəti il Şəhidlər Xiyabanının ziyarət edən bir qrup şagirddən biri (indiki müəllif) məzarlara gül qoyduqca düşünür: “Görəsən, Şakirin üstünə tökülən qan bunlardan hansının qanı olub?..” 

Bu və bundan sonrakı sətirlərdə biz Elbrusu jurnalistdən daha çox, yazıçı kimi görürük: “Bir neçə il keçəndən sonra Şakir müəllim bizim məktəbə hərbi hazırlıq müəllimi kimi qayıtdı – məktəbimizin hərb müəllimi oldu. Orta məktəbin sonuna yaxın isə bizə bir-iki dərs dedi. O hər dəfə sinfə kostyumda girsə də, mən Şakir müəllimi həmin qanlı köynəkdə görürdüm...

Bakıya gələndən sonra yolum ha vaxt Şəhidlər Xiyabanına tərəf düşürdüsə, Şakir müəllim gəlib dururdu gözümün qabağına, əynində də qanlı köynəyi... Açığı fəxr eləyirdim ki, nə vaxtsa həmin hadisə zamanı bizim rayondan, kəndimizdən də kimsə orada olub... Bu duyğunu heç indi də unutmamışam.”

Hekayənin davamı daha maraqlı və ibrətamizdir...

Kitabdakı məqalələr ümumən sərt tənqidi və döyüşkən ruhdadır. Müəllif yaşadığımız dövdə ölkəmizdə bütün sahələrdə (siyasətdə, orduda, cəbhədə, mədəniyyətdə, idmanda, futbolda, kinoda, televiziyalarda, radiolarda, ədəbiyyatda, jurnalistikada, dövlət qurumlarında, nəqliyyatda və s. ) baş verən bütün hadisələrə toxunaraq, öz tənqidi münasibətini ifadə edir, ən “bərkgedən” oliqarx-məmurlardan, nazirlərdən başlayaraq üzüaşağı hər kəsi tənqid atəşinə tutur. “Nazirlərin başı” adlı yazıda ölkədəki kadr siyasəti, nazirlərin çoxunun yerində olmaması, yaxud öz postlarından uzun müddət əl çəkməmələri kəskin tənqid olunur. Onların rəhbərlik etdikləri qurumları rüşvət, korrupsiya yuvasına çevirmələri, harınlaşmış övladlarının ölkədə at oynatmaları bəs etmirmiş kimi, hələ utanmadan daha yüksək məqamlara da can atır, baş nazir olmaq istəyirlər:  “Bu adamların hər biri işlədiyi postdan yekə görünüb həmişə. Məsələn, Ziya Məmmədov hər zaman Nəqliyyat Nazirliyindən yekə olub, Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyindən, Eldar Həsənov Baş Prokurorluqdan və ya səfirlikdən... Beləmi olmalıdır? Bir nəfər o boyda nazirlikdən dahamı nüfuzlu olmalıdır?”

Kitabdakı bəzi yazılarda Elbrus Ərudun öz dostlarına – Azərbaycanın tanınmış və tanınmamış simalarına, həyatdan vaxsız getmiş dəyərli övladlarına münasibəti ifadə olunub. Yazıçı Rafiq Tağının, hüquqşünas İsaxan Aşurovun, jurnalist Elçin Səlcuqun, Məmməd Nazimoğlunun, Elmar Hüseynovun, fotoqraf Əjdərin, rəssam Adil Qaçayoğlunun, Ceyhun Nağının, əfqan Zakirin nakam həyatlarıyla bağlı yazılar çox hüznlüdür. Elbrusun bu nahaqq ölümlərin hər birini öz vcudunda və ruhunda yaşadığı, dostlarıyla birlikdə ruhən öldüyü, ancaq sonradan özündə güc tapıb mübarizəyə davam etmək üçün dirildiyi hiss olunur.  Bu yazılarda həm də bir qəzəb, üsyan, həyata, onun haqsızlıqlarına şiddətli etiraz, qisasa çağırış var. Yazıların ümumi leytmotivi belədir: biz gəlcəkdə bu cür nurlu adamları qorumaqla onların intiqamını ala, ruhlarını şad edə bilərik.

Yazılarda diqqətimi çəkən mühüm məqamlardan biri Elbrusun səmimi olması, yeri gələndə özünə tənqidi və ironik yanaşmasıdır. Bu hər birimiz, xüsusilə də yazı-pozu adamları üçün çox vacib bir keyfiyyətdir.  Eyni zamanda, yüksək mədəniyyətə, intellektə və geniş mütaliəyə dəlalət edir. Məsələn, “Qızlar yol kənarında” adlı məqalədə müəllif yazır: “Sürücünün can-cüssəsinin mənimkindən zəif olduğunu  görüb ürəkləndim...”  Yaxud “Susur Azərbaycan radiosu” məqaləsi belə bir cümləylə başlayır: “Görkəmli yazıçılardan biri ilə xarakterimə uyğun lovğa-lovğa danışanda mənə irad tutdu...”  Müəllifin özündən zəif gördüyü birinin üstünə xoruzlanmasını, yaxud lovğa-lovğa danışmasını etiraf etməsində duzlu yumorla yanaşı, həm də bu keyfiyyətlərə ümumi ironik münasibət var. O bu cəhətləri yalnız başqalarında deyil, eyni zamanda özündə görə biləcək qədər cəsarətli və səmimi olmaqla, oxucunu həm güldürür, həm də müəyyən mənada tərbiyə edir, mədəniləşdirir, onun yumor hissini gəlişdirir.

Kitabı oxuyarkən dəfələrlə göz yaşlarına boğuldum: beş dil bilən uşağına məktəbə getmək üçün ayaqqabı ala bilməyən keçmiş MTN zabitinin faciəsi, ciyərinin parasını Qarabağ döyüşlərində qoyub sosial yardım üçün küçədə jurnalistin əlini öpən döyüşçünün acı fəryadları qarşısında acizliyini ifadə edən müəllifin ritorik suallarından kövrəlməmək mümkün deyil, adam hətta hönkürmək istəyir. Bəzən müəllif bədbinləşərək cəmiyyətin özündən də şikayətlənir, onu passivlikdə, mətbuatda işıqlandırılan neqativlərə biganəlikdə qınayır. Daxili İşlər naziri Ramil Usubovun öz oğlunu yüksək vəzifəyə təyin etməsinə, İctimai televiziyanın rəhbəri İsmayıl Ömərovun “Eurovision” musiqi yarışmasına öz nəvəsini göndərməsinə laqeyd qalan cəmiyyəti mediada yazılan yazıların, etirazların tərpətməməsi jurnalistdə pessimist ovqat yaradır, o, ramil usubovlardan, ismayıl ömərovlardan “üzr istəyir”. 

“Qafqazinfo.az” saytının rəhbəri olan müəllifin “Yerüstü “tanrılara” tapınanlar...” yazısında çox maraqlı bir fikrə rast gəldim. O yazır: “Media bazarında uğur qazanmaq üçün müəlliflərə verdiyin qonorarın üzərinə gərək ürəyini də qoyasan, onlarla ruhun yaxın ola, onların dəyərini biləsən, yazdıqlarını verməyə cəsarətin çata...” Bu gün Azərbaycanda yazı-pozu adamlarının, qələm əhlinin ən çox ehtiyac duyduğu söz, əməl məhz budur və bir portal rəhbərinin öz həmkarlarına verdiyi bu dəyər hamı üçün nümunə olmalıdır. Müəllif başqa media qurumlarında yazarlara bu münasibətin tam əksinin göstərilməsindən acı-acı şikayətlənməklə öz həmkarlarını kəskin tənqid edir, qeyri sağlam peşə təəssübkeşliyi tentensiyasına qarşı cəsarətli çıxış sərgiləyir. 

“Anne annem” kitabında Elbrusun qayğı və çətinliklərlə dolu gəncliyi, müxtəlif səfərləri, böyüyüb boya-başa çatdığı kənd, oranın insanları, Bakıda yaşadığı kirayə mənzillər haqqında birnəfəsə oxunan qısa, ancaq təsirli yazılar də yer alıb. “Əhli və Ağabəyim”, “Qaçqın iti”, “Vedrə”, “Kirayə evlər”, “Qulaq falı” hekayələrində Azərbaycanın sadə, kasıb, fağır insanlarının bitib-tükənməyən dərdləri dil açıb danışır, kədərləndirir, ağladır, düşündürür, qəzəbləndirir...

“Qafqazinfo”