Ölkə mediasında ciddi dəyişikliklərlə nəticələnəcək islahatlara başlanılıb.
"Qafqazinfo" Strateq.az-a istinadən xəbər verir ki, hazırda KİVDF-də fövqəladə iclas keçirilir. Toplantıda bu qurumun xətti ilə indiyədək dövlət tərəfindən maliyyələşdirilən qəzetlərin xeyli hissəsinə maliyyə yardımı ayrılmasının dayandırılmasına qərar veriləcək.
Məlumata görə, KİVDF-nin bu qərarının elanından sonra təxminən 10 qəzetin maliyyələşdirilməsi nəzərdə tutulur. Digərlərinin çap formasında fəaliyyətini dayandıraraq, elektron nəşrə keçmələri tövsiyə olunacaq.
Maliyyə yardımı dayandırılacaq qəzetlər aşağıdakılardır: “Şərq”, “Ədalət”, “Unikal”, Palitra”, “Paralel”, “Azad Azərbaycan”, “Həftəiçi”, “Bizim Yol”, “Olaylar”, “Üç Nöqtə”, “Oxu Məni”, “Hürriyyət”, “Reytinq”, “Hərbi And”, “Türküstan”, “İqtisadiyyat” və “Mövqe” qəzetləri.
Maliyyələşdirilməsi davam etdiriləcək qəzetlər siyahısında isə “Səs”, “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “İki Sahil”, “Kaspi”, “Kaspiy”, “525-ci qəzet”, “Bakı Xəbər” və “Novoye Vremya”nın adları çəkilir.
Xatırladaq ki, KİVDF sonuncu dəfə 32 qəzetə 28 dekabr 2018-ci il tarixdə 3 ay müddətinə maliyyə yardımı ayırıb. Ötən müddətdə bu nəşrlərdən “Eskspress” qəzeti çap fəaliyyətini dayandırıb.
***
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, nəşri davam edəcək qəzetlər qarşısında xüsusi tələblər qoyulacaq. Belə ki, onlar tirajlarını artırmalı, çap keyfiyyətini yaxşılaşdırmalı və müasir texnoloji vasitələrdən istifadə etməlidirlər.
***
Movqe.az məsələyə aydınlıq gətirmək məqsədilə KİVDF-nin craçı direktoru Vüqar Səfərli ilə əlaqə saxlayıb.
O bildirib ki, 20-dən çox qəzetə Fond tərəfindən ayrılan maliyyə yardımının dayandırılacağı barədə məlumat həqiqəti əks etdirmir: “ Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Bu iclasda müzakirə olunanan məsələlərdən biri də, cari ilin 2-ci rübü ərzində maliyyələşdiriləcək KİV layihələri, bunun hansı şərtlər əsasında həyata keçiriləcəyi ilə bağlı olub.
2-ci rübdə qəzetlərin maliyyələşməsi haqqında qaydalar müzakirəyə çıxarıldıqdan sonra qərar qəbul edildi ki, 10 ildir KİVDF tərəfindən maliyyə yardımı alan qəzetlərin tirajı minimum 5 min olmalıdır. Əvvəl bu tələb 2500 idi. Bundan başqa qəzetlərin yayımının mindən iki minə çatdırılması barədə də qərar qəbul olundu. Hansı qəzetlər qoyulan bu tələblərə uyğun gələcəksə, onlara maliyyənin ayrılması davam etdiriləcək. Eləcə də xarici dildə yayımlanan, tirajı 3000-dən az olmayan, hər buraxılışından ən azı 1500 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər də maliyyə yardımı ala biləcəklər. Qəzetlərə maliyyə yardımının ayrılması ilə bağlı qərar mart ayının sonunda veriləcək.
Qeyd edim ki, 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə hələ bu gün elan edilib. Bu ajiotajı yayanlar bilməlidir ki, hansı qəzetin maliyyələşəcəyi, hansının isə maliyyə almayacağını indidən söyləmək mümkün deyil. KİVDF qəzet bağlayan bir qurum deyil. Biz qəzetlərin maliyyələşməsi ilə məşğuluq”.
Son xəbərlər
Son Xəbərlər