QHT-dövlət münasibətlərinə həsr olunmuş Respublika zona konfransı keçirilib

QHT-dövlət münasibətlərinə həsr olunmuş Respublika zona konfransı keçirilib
Oxunma sayı: 898

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının keçirilməsinə başlayıb.

"Qafqazinfo" xəbər verir ki, bu gün ilk konfrans Quba rayonunda keçirilib.

Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarının iştirakı ilə keçirilən konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsul əməkdaşları, adları çəkilən rayonların icra hakimiyyəti başçılarının müavinləri, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, habelə yerli qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Konfrans Dövlət Himninin səslənməsi ilə başlayıb.

Açılış nitqi ilə başlayan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva konfransın proqramı haqqında geniş məlumat verərək bildirib ki, ilk dəfə keçirilən bu konfrans region QHT-lərinin və ictimai şuraların birgə fəaliyyətində dönüş yaradacaq. O cümlədən, bu konfrans şəhər və region QHT-ləri arasında kommunikasiyanın qurulmasına təkan verəcək.

Sonra çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, ölkəmizdə qeyri-hökumət təşkilatları bir neçə mərhələdə inkişaf yolu keçmiş, QHT-dövlət münasibətləri sahəsində müsbət nümunələr formalaşmışdır. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması, QHT-lərə maliyyə, metodiki, konsultativ, təşkilati dəstəyin göstərilməsi və s. bunun bariz nümunəsidir. Bu gün isə QHT-dövlət münasibətlərində yeni mərhələ başlamış, təşkilati-hüquqi forması, fəaliyyət istiqaməti və idarəetməsi ilə fərqlənən yeni təsisat kimi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılmışdır.

Vüsal Quliyev icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların fəaliyyətinin təkmilləşdirilməsi məsələsinə toxunub, bu təsisatların inkişafı üçün maarifləndirmə işinin aparılmasına ehtiyac olduğunu vurğulayıb.

Çıxış edən digər natiqlər Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova, Əli Pənahov və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov bildiriblər ki, Qeyri-Hökumət Təşkilatlarının Respublika zona toplantısı QHT nümayəndələri üçün faydalı olacaq və bu sahənin daha da təkmiləşməsinə böyük töhvə verəcək.

Çıxışlardan sonra konfrans interaktiv müzakirələr əsasında davam edib, onların təklifləri dinlənilib, sualları cavablandırılıbdır.İctimai şura üzvləri mütəmadi olaraq təlimatlandırıcı seminarların keçirilməsinin vacibliyini vurğulayıblar.