QHT rəhbəri haqqında həbs qətimkan tədbiri seçildi

qht-rehberi-haqqinda-hebs-qetimkan-tedbiri-secildi
Oxunma sayı: 2148


“Qafqazinfo”nun məlumatına görə,  “Azadlıq” radiosuna açıqlama verən həyat yoldaşı Sənubər Məmmədova deyib ki, mayın 13-dən Salyan polisində saxlanan Emil Məmmədov iki yerli məmurdan zorla pul istəməkdə günahlandırılır: “Halbuki belə şey olmayıb. Ortada heç bir sübut yoxdur. Əksinə, Emil Salyanda baş verən yeyintilərlə bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, prezidentə müraciət edib”.

Emil Məmmədov Vətəndaş Nəzarəti Şəbəkəsinin Salyan rayonu üzrə əlaqələndiricisidir. Şəbəkənin koordinatoru Esmira Əsədullayeva “Azadlıq” radiosuna bildirib ki, onlar Emil Məmmədova konkret hansı ittihamın irəli sürüldüyünü bilmirlər: “Amma bir aydır Emil Ombudsman Aparatına, müxtəlif yerlərə müraciət edib ki, ailəsinə, özünə təzyiqlər, hədələr var. Emil rayonda investisiya layihələrinin icra vəziyyəti ilə bağlı monitorinqlər aparıb, korrupsiya faktlarını üzə çıxarıb. Bunu da ictimailəşdirib. Fikrimcə, Emil Məmmədov bu fəaliyyətinə görə tutulub”.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Azadlıq” radiosuna bildirib ki, ötən ay “Demokratiyaya Yardım” İctimai Birliyinin əməkdaşı Tofiq Qasımov saxlanıb: “Buna səbəb onun barəsində Salyan Rayon Polis Şöbəsinə şikayətlər daxil olmasıdır. Rayonun bəzi dövlət qurumlarının məsul nümayəndələri polisə müraciət edərək Tofiq Qasımov adlı şəxsin barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə dəfələrlə onlardan pul aldığını, sonuncu şəxs haqqında müvafiq ölçü götürülməsini xahiş ediblər. Həmin müraciətlər əsasında araşdırma aparılıb, Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb. Aprelin 16-da məhkəmə Tofiq Qasımov barəsində həbs qətimkan tədbiri seçib. Tofiq Qasımov istintaqda etiraf edib ki, bu işləri üzvü olduğu “Demokratiya Yardım” İctimai Birliyinin rəhbəri Emil Məmmədovun tapşırığı əsasında həyata keçirib. Rayonda yüksək vəzifə tutan iki nəfər də polisə müraciət edərək Emil Məmmədovun onlardan pul tələb etdiyini bildiriblər”.