“QİÇS-li, onkoloji xəstələrə bu vaksin tövsiyə olunmur”

qics-li-onkoloji-xestelere-bu-vaksin-tovsiye-olunmur
Oxunma sayı: 1695

“Vaksini insan orqanizminə yeritdikdə bu mikroba qarşı immunitet yaranır. Ona süni immunitet deyilir. Vaksinlər diri, zəiflədilmiş və öldürülmüş ola bilər. Hazırda bizim ölkədə tətbiq olunan vaksin öldürülmüş virusdur. Həmin virus “vero” adlanan hüceyrələrdə becərdilir, onun kütləsi çoxaldılır, xüsusi üsullarla öldürülür. Müxtəlif maddələr əlavə edilərək stabilləşdirilir və bundan sonra vaksin kimi istifadə olunur”.

“Qafqazinfo” xəbər verir ki, bunu ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova bildirib.

Mütəxəssis bir neçə qrup vaksin içərisindən Çin Respublikasının “Sinovac” firması tərəfindən istehsal olunan vaksinin seçilməsini onun təhlükəsizliyi ilə əlaqələndirir:

“Bu vaksinin seçimi TƏBİB-in elmi komitəsində və Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasında dəfələrlə müzakirə olunub. Tətbiqi üçün ilk növbədə vaksinin təhlükəsizliyi nəzərə alınmalıdır. Bu nöqteyi-nəzərdən inaktivləşdirilmiş vaksinlər təhlükəsiz hesab olunur. İkinci parametri isə effektivliyidir. Yəni vaksin orqanizmə vurulduqdan sonra immunitet yaratmalıdır.

Bu vaksinlərin kifayət qədər immunitet yaratmaq qabiliyyəti var. Bu parametrləri nəzərə alaraq ölkə rəhbərliyi Türkiyədə də geniş istifadə olunan bu vaksinin tətbiqinə qərar verdi. Bir çox ölkələrdə vaksinin əlçatmaz olmasına baxmayaraq, Azərbaycanda vaksinasiya prosesinə vaxtında başlanılmasını insan sağlamlığının daim diqqətdə saxlanıldığının göstəricisi kimi qiymətləndirmək lazımdır”.

H.Qədirovanın sözlərinə görə, ilk mərhələdə risk qrupuna daxil olan insanların, o cümlədən tibb işçilərinin vaksinasiya edilməsi doğru yanaşmadır:

“Çünki xəstələnənlər arasında tibb işçiləri kifayət qədərdir. Eyni zamanda yaşı 65-i keçənlər, şəkərli diabet, ürək çatışmazlığı və digər xəstəliklərdən əziyyət çəkənlər vaksinasiyaya birinci mərhələdə cəlb olunmalıdır. Bir virusoloq, immunoloq və mikrobioloq kimi hər kəsin mütəşəkkilliklə vaksinasiyadan keçməsini tövsiyə edirəm.

Yanvarın 21-də özüm bu vaksini vurdurmuşam və heç bir mənfi əlamət, yan təsir hiss etməmişəm. Onu da deyim ki, rəhbərlik etdiyim Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 200-dən artıq tibb işçisi vaksinasiya olunub. Heç kəsdə, hətta ürəyində stend olan xəstələrdə yan təsir müşahidə olunmayıb. Tam məsuliyyətlə bildirirəm ki, xəstəliyin geniş miqyasda yayıldığı bir vaxtda karantin rejimindən çıxmağın, normal həyata qayıtmağın yeganə vasitəsi vaksinasiyadır. Hələlik bundan etibarlı vasitə yoxdur. Ölkə əhalisinin təxminən 60-70 faizi vaksinasiya olunarsa, kütləvi immunitet yaranar və xəstəliyin qarşısı alına bilər”.

Vaksinasiya tədbirinə qarşı xüsusən də sosial şəbəkələrdə çox güclü anti-təbliğat aparılmasından təəssüfləndiyini söyləyən H. Qədirova insanları çaşdırmağa hesablanmış feyk xəbərlərin reallığa, məntiqə söykənmədiyini vurğulayıb. O, elmi komitənin üzvlərinin, həkimlərin dəfələrlə çıxış edərək insanları yanlış məlumatlara, video-çarxlara inanmamağa çağırdıqlarını bildirir. O bildirib ki, ancaq immun dipensant qəbul edən QİÇS-li, onkoloji xəstələrə bu vaksin tövsiyə olunmur. Hamilə qadınlara və süd verən analara da yoxlanılmayıb deyə tövsiyə edilmir. Digər hallarda əks göstəriş yoxdur.

Vaksinasiyadan bir müddət sonra hansısa fəsadların baş verə bilməsi barədə gəzən şaiyələrin əsassız olduğunu deyən mütəxəssis öldürülmüş vaksinin orqanizmdə uzun müddət qalmaq, inteqrasiya etmək ehtimalının olmadığını diqqətə çatdırır:

“Əgər vaksinasiya olmamışıqsa, yoluxmaq və yoluxdurmaq ehtimalımız çoxdur. Digərlərinə örnək olmaq, izah etmək, başa salmaq bizim təkcə həkimlik deyil, həm də vətəndaşlıq borcumuzdur. Müharibədən təzə çıxan, hələ çətinliklərlə üzləşəcək xalqımızın sağlamlığını qorumaq ilk növbədə bizdən başlanır. Həmişə tibb ictimaiyyətinə nümunə olan ATU əməkdaşlarını vaksinasiya prosesində də fəallıq göstərməyə çağırıram”.

Xatırladaq ki, bütün dünyada yayılan COVID-19 bir ilə yaxındır ki, Azərbaycanda da mövcuddur. İndiyədək dünyada 100 milyondan artıq insan bu virusa yoluxub və 2 milyondan çox insan vəfat edib.