Qida terrorunun mərkəzində- - Araşdırma

qida-terrorunun-merkezinde-
Oxunma sayı: 3556


Hər bir ölkənin qida təhlükəsizliyi ilə bağlı apardığı siyasət oranın insanının sağlamlığını düşünməyindən irəli gəlir. Biz də bu baxımdan özümüzü təhlükəsiz hesab edirikmi? Təəssüf ki, Azərbaycanda sağlam qidalanma və qida təhlükəsizliyi istiqamətində hər hansı siyasətdən söhbət gedə bilməz. Çünki bunun marağında olan siyasətçisi belə yoxdur. Ölkəyə isə, maşallah hər yerdən ərzaq, yeyinti məhsulu axıb gəlir.

Yəqin ki, nə vaxtsa hansısa məhsulun üzərində “ GMO yoxdur”( xüsusiyə, rus dilində) yazıldığını görmüsüz. GMO nədir? “Qafqazinfo” üçün GMO-genetik modifikasıya olunmuş orqanizmlər(qidalar) haqqında araşdırma aparmışam.

GMO nə üçün yaradıldı?

Hazırda GMO- genetik modifikasiya olunmuş orqanizmlər(genetically modified orqanism) dünyanı ələ alıb. Belə məhsullar bir bitkinin digər bitkiyə, və ya heyvanın bitkiyə, yaxud əksinə olaraq genlərinin köçürülməsidir. Proses laboratoriya şəraitində aparılır. Belə məhsullar hər gün qarşımıza çıxır. Normaldan böyük meyvə-tərəvəzlər, rəngi, forması süni şəkildə alınmış qidalar buna misal ola bilər. Qış mövsümündə satışda iri çiyələk, alça, gilas varsa, deməli bu məhsullar süni şəkildə əldə olunub. Bəs transgen məhsulların yaradılması zərurəti nə üçün meydana gəldi? Yenə də ən başda alimlərin yersiz fərziyyələri, proqnozları dayanır. Ötən əsrin 70-ci illərində hesab olunurdu ki, zamanla insanların sayı artdıqca dünyada açlıq, qida qıtlığı yaranacaq. Elə indi də on il sonra insanın ərzaq çatışmazlığından aç qalacağı fikirləri yürüdülür. Güya süni şəkildə artırılan məhsullar bəşəriyyəti bu təhlükədən xilas edəcək.

İlk geni dəyişdirilmiş orqanizmlər XX əsrin70-ci illərində meydana gəlib. 1990-cı illərdə isə belə məhsulların becərilməsi, istehsalı və satışı artıq kütləvi şəkil aldı. GMO ilk dəfə ABŞ-da yaradılıb. Bu gün də transgen məhsulların istehsalı və yayılmasına görə ABŞ birinci yerdə durur. Ardınca Kanada, Braziliya, Argentina, Çin, Hindistan kimi ölkələr də belə məhsulların becərilməsinə görə ön sıralardadır. Eləcə də, dünyanın 36 ölkəsində 180 milyon hektar sahədə belə məhsullar becərilir. ABŞ-da istifadə olunan ərzaq məhsullarının 80 %-i transgendir. Elə bu səbəbdən də hazırda sağlamlıq problemləri daha çox ABŞ-da özünü göstərir. Belə məhsullar arasında soya, qarğıdalı, şəkər çuğunduru çoxluq təşkil edir.

Avropa ölkələri isə belə məhsulların istehsalı və yetişdirilməsinə görə daha diqqətli davranır. Avropanın qabaqcıl ölkəklərində qida təhlükəsizliyi məsələsi vacib rol oynayır. Burada ərzaq məhsullarının keyfiyyəti, ekoloji, bioloji təmizliyinə daha çox fikir verilir. Qonşu Türkiyədə də bu məsələ dövlətin siyasətində xüsusi yer tutur. Rusiya Federasiyası bu ildən transgen məhsulların yetişdirilməsinə nəzarəti gücləndirib.

Qeyd edim ki, geni dəyişdirilmiş orqanizmlər arasında bitki ilə yanaşı heyvanlar da var. İlk dəfə olaraq 2003-cü ildə Glofish-geni dəyişdirilmiş akvarium balığı yaradılıb. Gen mühəndisliyi nəticəsində normalda tək bir rəngdə olan balığın bütün rənglərdə olanı yaradılıb. 2009-cu ildə isə “Applouse” adlı göy rəngli qızılgül yetişdirilib.

Transgen məhsulların yaradılması təkcə insanlar üçün deyil, təbiət üçün də böyük təhlükə hesab olunur. Çünki süni yaradılmış orqanizmlər normal, faydalı olan bitkilərin azalmasına, aradan çıxarılmasına səbəb olur. Nəticədə insan sağlam qidadan uzaqlaşır.

Transgen məhsulların əsas cəhətləri bunlardır: istənilən temperatura davamlı olur, zərərverici həşəratlara qarşı müqaviməti güclüdür, ildə bir neçə dəfə məhsul verir, gec xarab olur, laboratoriya şəraətində yaradıldığından insanın istəyinə uyğun, anormal böyüklükdə, formada və rəngdə yetişdirilir.

GMO-genofondumuzu dəyişir, niyə yatmışıq?

Transgen məhsullar insan orqanizminə zərərlidirmi? Bəli, dünyanı vaxtiylə aclıqdan xilas etməyə cəhd edən gen mühəndisliyi indi insanların düşməninə çevrilib. Bununla bağlı ilk araşdırmalarını 1998-ci ildə britaliyalı biokimyaçı Arpad Yunoş Pustay aparıb. Apardığı təcrübələrin nəticəsində o geni dəyişdirilmiş məhsulların insan orqanizminə mənfi təsirini öyrənib. Belə ki, trangen qida ilə yemlənən siçovulların qanında leykositlərin miqdarı azalıb, qaraciyərin ölçüləri kiçilib, aqressivləşən siçovullar bir-birini parçalamağa başlayıblar. Siçovuldan bir neçəsi isə ölüb. Yunoş bu təcrbəsini dəfələrlə həmkarı Stenli Yuenle də təkrarlayıb, eyni nəticəni alıb.

Zamanla bunabənzər sınaqları fransız araşdırmaçıları da aparmış, təqribən eyni nəticələri əldə etmişlər.

Bir qrup alimin apardığı təcrübələrə görə isə, transgen qidalar istifadə edən ölkələrdə obeze-piylənmə geniş yayılıb. Bu elə bir piylənmədir ki, problemlə qarşılaşan insanlar nə qədər cəhd etsələr də, çəkilərini azalda bilmirlər. Geni dəyişmiş məhsullar insanda psixoloji problemlərə də yol aça bilər. Yaxud kəskin allergik reaksiyaya səbəb olar, toksiki təsiri isə danılmazdır. Bu təsirlər insanın fərdi orqanizmindən asılı olaraq müxtəlif zaman kəsiyində meydana çıxır.

Yeri gəlmişkən, genetik modifikasiya olunmuş orqanizmlərdən tibbdə müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Buna genoterapiya deyilir. Yaxud, məşhur dərman preparatlarının( interferon, insulin kimi) hazırlanmasında GMO-dan da istifadə edilir.

Dünyanın məşhur qida şirkətləri nə qədər etiraz etsə də, onların məhsullarında GMO var. Əslində Dünya Ticarət Təşkilatının tələblərinə görə, hər məhsulun üzərində GMO-un miqdarı %-lə göstərilməlidir. Təəssüf ki, çox zaman qablaşdırılmada bu qaydalar pozulur. Xüsusən ikinci və üçüncü dərəcəli ölkələrə göndərilən məhsullarda GMO-un çox olması gizlədilir. Elə əvvəldə də dediyim kimi, bizim kimi qidanın ağına-bozuna baxılmayan ölkədə bu məsələ qulaqardına vurulur. Bunu müşahidə etmək heç də çətin deyil. Halbuki Azərbaycan 2000-ci ildə “Bioloji müxtəlifliyə dair” BMT Konvensiyasına, 2005-ci ildə isə bu sənəddən irəli gələn “Biotəhlükəsizliyə dair Kartagen protokolu”na qoşulub. Ötən ilin fevralında ölkə prezidenti geni dəyişdirilmiş məhsulların istehsalı və yetişdirilməsinin qadağan olunması ilə bağlı fərman da verdi. Nə olsun? Yenə də yediyimiz ərzaq və meyvə-tərəvəzin çoxu gen”təcavüzünə”uğramış toxumlardan yetişdirilir.

Niyə susursuz, bizim günəşimiz, əlverişli torpağımız ola-ola zəhərli məhsulları əkib və ya gətirib millətə sırımaq insafdandırmı, ay millət qənimləri? Genetik terrorun səbəbkarları, eşidirsiz?

P.S. Gözün aydın, Səhiyyə Nazirliyi, xəstəxanaların dolub-daşır, xəstə qıtlığı böhranını aşdın. İşində ol.

Raminə Eyvazqızı