“Qılınc və qələm” özbək dilində təqdim olundu - Fotolar

qilinc-ve-qelem-ozbek-dilinde-teqdim-olundu
Oxunma sayı: 3466

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günləri davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu silsilədə daha bir tədbir Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzində baş tutub.

Belə ki, Mərkəzdə görkəmli tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin özbək dilinə tərcümə olunmuş “Qılınc və qələm” kitabının təqdimatı keçirilib.

Mərasimdə iştirak edən Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, bu cür kitabların daha çox yayılması üçün mütəmadi addımlar atılır. Bu günədək 100-dən artıq kitabın tərcümə olunduğunu deyən qurum rəsmisinin sözlərinə görə, “Qılınc və qələm” bədii əsəri də bu siyahıya daxildir.

F.Cəfərov ötən gün Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılmasına da xüsusi diqqət çəkib, bunun iki ölkə arasındakı kitab mübadiləsi prosesinə müsbət təsir edəcəyini vurğulayıb. O, mədəni, humanitar əlaqələrin bundan sonra da davam edəcəyini bildirib.

Qeyd edək ki, yazıçının tarixi romanlarından sonuncusu olan “Qılınc və qələm”də böyük Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin yaşadığı dövrün geniş, hərtərəfli mənzərəsi yaradılıb.

Emin Səfərov, Daşkənd