Qırğızıstanla Tacikistan arasında atəşkəs yenidən pozuldu

qirgizistanla-tacikistan-arasinda-ateskes-yeniden-pozuldu
Oxunma sayı: 1284

Qırğızıstan və Tacikistan sərhədində yenidən atışmalar başlayıb.

“Qafqazinfo” Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, Batkən bölgəsi Daxili İşlər İdarəsinin məlumatına görə, atışma Leylək bölgəsində başlayıb.

Bundan əlavə, Qırğızıstanın “Qızıl-bel” sərhəd-keçid məntəqəsində sərhədçilər arasında qarşıdurma yaşanıb.

İtkilər barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, qarşıdurma 28 apreldə Qolovnaya supaylama məntəqəsinin İsfara çayının yuxarı hissəsində yerləşən hissəsi üzərində başlayıb. 

Tərəflərdən birinin sözügedən ərazidə video nəzarət qurmaq cəhdi Tacikistan və Qırğızıstan vətəndaşları arasında insidentə səbəb olub. Daha sonra isə qarşıdurma iki ölkənin hərbçiləri arasında silahlı atışmaya qədər böyüyüb. Silahlı qarşıdurma nəticəsində hər iki tərəfdən 150-dən çox insan yaralanıb, 20 nəfər həlak olub.

29 aprel axşamı tərəflər atəşkəs və hərbi hissələrin geri çəkilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, Qırğızıstan-Tacikistan sərhədinin Sovet İttifaqının dağılmasından sonra delimitasiya olunmayan hissələri vaxtaşırı olaraq iki ölkənin yerli əhalisi və sərhəd mühafizəçiləri arasında qarşıdurmalara səbəb olur.