Bu gün Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev tərəfindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük-sərhəd buraxılış məntəqəsində xidməti fəaliyyətin təşkili vəziyyəti yoxlanılıb.
"Qafqazinfo" xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin rəhbərləri şəxslərin və nəqliyyat vasitələrinin gömrük və sərhəd rəsmiləşdirilməsində şəxsən iştirak edərək bu prosedurların vaxtının maksimal dərəcədə azaldılması və dövlət sərhədinin daha rahat keçilməsi üzrə mümkün tədbirlər barədə fikir mübadiləsi aparıb, vətəndaşların və nəqliyyat vasitələrinin dövlət sərhədindən daha sürətli keçidinin təmin edilməsi məqsədilə rejim zonasının daxilində infrastrukturun daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar veriblər.
Səfər çərçivəsində Elçin Quliyev və Səfər Mehdiyevin rəhbərliyi ilə xidməti müşavirə keçirilib. "Qırmızı Körpü" gömrük-sərhəd buraxılş məntəqəsindəki mövcud vəziyyət, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilib və vəzifəli şəxslərin məruzələri dinlənilib.
Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması nəzərə alınaraq, dövlət sərhədindən buraxılış məntəqələrində xidməti fəaliyyətin daha da optimallaşdırılması, o cümlədən dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində gömrük və sərhəd nəzarətinin daha səmərəli təşkilinə dair təkliflər nəzərdən keçirilib.


Son xəbərlər
Son Xəbərlər