Qiyməti qaldıranlar…

qiymeti-qaldiranlar
Oxunma sayı: 1593

Dünya Sakit

Azərbaycanda heç bir sahibkar dövlətdən güzəşt görməməlidir: nə iri, nə orta, nə xırda…

Çünki bizim sahibkarımız kəmfürsətdir, əlinə imkan düşən kimi yalnız və yalnız öz cibindən, öz qazancından çıxış edir. Əhalini, kasıbı, imkansızı, dövləti-filanı vecinə almadan, ən qəddar formada öz gəlirini düşünür, hərəkət edir.

Son bir ayda müşahidə etdiyim 3 fakta diqqət edək:

Fakt 1. Noyabr ayının sonlarından uşaq üçün aldığım 1 litrlik südün (istehsalçının adını yazmıram, əsas faktın özüdür – D.S.) qiyməti 1,42 manatdan 1,79 manata qaldırıldı. Marketdə birdən-birə 37 qəpik – 25 faizə qədər artımın səbəbini satıcıdan soruşduqda, istehsalçı firmanın nümayəndəsi olduğunu dediyi gənci göstərib “odur nümayəndələri, sualı elə ona verin” dedi. Oğlan isə qiymət artımının səbəbini belə izah etdi: “Bilirsiniz, xanım, biz Azərbaycanda yeganə istehsalçıyıq ki, məhsulumuz təmiz inək südüdür, son günlər görürsünüz, dollar bahalaşıb...” “Təmiz inək südüdür deyirsiniz, sizin bu südü verən inəklər dollar yeyir bəyəm? Yediyi otdur, yemdir, onların hər ikisi Azərbaycanda əldə olunur, daşımağa sərf etdiyiniz yanacağın qiyməti qalxmayıb. Bəlkə əmək haqlarını qaldırmısız?” Gənc istehza ilə “nə danışırsız, maaş artımı nədir” soruşdu. Daha ona heç nə deməyib uzaqlaşdım...

Fakt 2. Vergi Məcəlləsinə edilən dəyişikliklə 1 yanvardan toyuq ətinin satışı ƏDV-dən azad olunub. Bu dəyişiklik hüquqi qüvvəyə minmədən, hələ haqqında məlumat yayılandan cəmi 2-3 gün sonra istehsalçılar toyuq ətinin topdansatış qiymətini hər kiloqramda 20-40 qəpik arası bahalaşdırdılar. Səbəb isə çox sadədir: yanvardan satışdan ƏDV alınmayacaqdı, avtomatik olaraq cəmiyyət, bu yersiz güzəşti verən hökumət qiymətlərdə endirim umacaqdı. İstehsalçılar da fürsəti fövtə verməyib, satıcıların ƏDV-siz satışdan əldə edəcəkləri qazanca şərik oldular...

Fakt 3. Dekabrın son günlərindən başlayaraq ölkədə göyərtinin qiymətində kəskin artım getdi. Hətta Bakının bəzi yerlərində şüyüdün 1 dəstəsini 1 manata belə satanlar oldu. Və qiymətin artması ilə yanaşı, dəstələr də ikiqat kiçildildi.

Birinci fakt iri sahibkarımızın bazardakı üstün mövqeyindən sui-istifadəsi, heç bir əsas olmadan, yalnız öz marağını güdərək qiymət artımına getməsidir. Hansı ki, həmin sahibkarın istehsal etdiyi süd həqiqətən də satış həcminə görə digər bütün firmaların birgə həcmindən çoxdur – bir həftə ərzində 4 iri market şəbəkəsində apardığım kiçik sorğu bunu göstərir. Məhz bazardakı üstün mövqeyindən yararlanan firma demək olar ki, hər 3 aydan bir məhsulunu bahalaşdırır...

İkinci fakt bizim həm iri, həm orta sahibkarlarımızın fürsətcilliyini göstərir – broyler fabriklərinin timsalında...

Üçüncü fakt isə kiçik sahibkarlarımızın daha artıq qazanc üçün amansız davranışını sərgiləyir –göyərtisatanların timsalında. Onlar həm qiyməti 20 qəpikdən 30 qəpiyə qaldırırlar, həm də dəstəni azı 2 dəfə kiçildirlər.

Belə faktlar yəqin ki, onlarla, bəlkə də yüzlərlədir. Bütün bunlar onda irəli gəlir ki, Azərbaycanda əsl sahibkar anlayışına uyğun gələn, normal sahibkar davranışlarına, mədəniyyətinə sahiblənən iş adamı formalaşmayıb. Biz hələ də 20-ci əsrin əvvəlindəki tacir-tüccarlar, dəllal, baqqallarıq – ondan irəli gedə bilməmişik, bəlkə bir az da geriləmişik. Daha çox satıb (istehsal edib), çox qazanmaq deyil, az satıb (istehsal edib) çox qazanmaq düşüncəsiylə hərəkət edirik. Halbuki artıq neçə əsrdir bunun əksini edənlərin daha çox qazandıqlarını, irəli getdiklərini görə-görə gəlirik.

Bu üzdən hesab edirəm ki, dövlət güzəşt verib, vergidən-rüsumdan azad etməkdənsə ilk növbədə “əsl sahibkar” anlayışına uyğun sahibkar yetişdirməyin qeydinə qalmalıdır. Çünki biz hazırkı sahibkarlarla, onların biznesə yanaşması ilə uzağa gedə bilməyəcəyik...