Qız qaçırma hansı halda cinayətdir? - Vəkil danışdı

qiz-qacirma-hansi-halda-cinayetdir
Oxunma sayı: 29365

Xəbər verdiyimiz kimi millət vəkili Siyavuş Novruzov qız qaçırtma ilə tamah niyyətiylə adam oğurluğunun eyniləşdirilməsinin əleyhinə çıxış edib və bununla bağlı qanunvericiliyə yenidən baxılmasını təklif edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Vəkillər Kollegiyasının üzvü Cavid Rzazadə bu təklifin qanunvericiliyə uyğunluğu barədə danışıb: “İki nəfər bir-birini sevib könüllü qoşulub qaçırlarsa, onsuz da burada cinayətdən söhbət gedə bilməz. Amma oğlan qızın iradəsi ziddinə onu qaçırırsa, bu, açıq-aşkar adam oğurluğudur, hansısa istisnası ola bilməz. Sadəcə qanunvericiliyə dəyişiklik edilə bilər ki, qız əvvəl istəməyib sonradan evlənməyə razılıq versə, oğlan məsuliyyətdən azad edilsin. Bu da təkcə qız qaçırtmaya yox, həmin maddənin təsirində olan bütün cinayətlərə aid edilməlidir”. 

C.Rzazadə bildirib ki, hazırda praktikada hakimlər cəza təyin edərkən cinayətin niyyətini nəzərə alırlar: “Əməl eynidir, bu fərqləndirilmir. Amma praktikada cəza təyin edilərkən qız qaçıranlarla tamah niyyəti ilə adam oğurlayanlara eyni cəza vermirlər. Qız qaçıranlara nisbətən az cəza verilir.  Deputat bildirib ki, evlənmə niyyəti nəzərə alınmalıdır. Bu da yanlış fikirdir, çünki hər iki tərəfin evlənmə niyyəti varsa, deməli artıq ortada cinayət yoxdur. Təkcə oğlanın evlənmək niyyəti onu məsuliyyətdən azad etmir, bu, cinayət sayılmasa hamı qızı qaçırıb, kəbin kəsdirib zindanda saxlayar.

Amma oğlan qaçırdığı qızla zorla cinsi əlaqədə olubsa ona hər hansı güzəşt edilmir. Qız qaçırmaya görə yaşın da fərqi yoxdur. Azərbaycanda qızların nikaha daxil olma yaşı 17, cinsi əlaqədə olma yaşı 16-dır. 16 yaşdan aşağı olan qızlar da könüllü kiməsə qoşulub qaça bilər, amma cinsi əlaqədə olmamaq şərti ilə. Burda hər hansı cinayət yoxdur. Onlar cinsi əlaqədə olmaq üçün 16 yaşı, nikaha girmək üçün 17 yaşı gözləməlidirlər”. 

Murad Əhməd