Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli kimi yazarları oxuduqda saf həqiqətlə qarşılaşırıq. Yüz il öncə azərbaycanlılar üçün aktual olan mövzular bu gün də aktualdır. Sanki aradan yüz il keçməsinə baxmayaraq heç bir şey dəyişməyib. Dəyişənlər sadəcə olaraq dövrün tələbləri, dəblə bağlı geyim tərzi, maşınlar, telefonlar və s. kimi müəyyən şeylərdir. Amma Cəfər Cabbarlının, Y.Vəzirin arzuladığı Azərbaycan hələ də formalaşmayıb. Nisbətən daha münbit şərait var amma beyinlər eyni beyinlərdir. Bu gün Y.Vəzirin “Rüstəmbəy”i həbs olunur, C.Cabbarlının “Yaxşı”sı isə hələ də qorxu içində yaşayır. Azərbaycan hələ də “Balaş”, “Mirzə Səməndər”, “Fatmansa”, “Dilbər” kimilərin cəmiyyətidir.
Bir neçə gün əvvəl aktuallığını hələ də qorumaqda olan problemlərimizdən biri olan qıza sataşma hadisəsinə şahid oldum. Daha doğrusu sataşma sonrası mübahisəyə. Gənclik metro stansiyasının çıxışında yekəpər, dar idman geyimində, güləşçilərə xas qulağı olan bir oğlan orta statistik mədəni oğlan geyimində bir oğlanın yaxasından tutub ona bu sözləri deyirdi:
“Sənə elə qoyaram cırılarsan, başa düşdün? Danış də. Denən başa düşdüm... Yanındakı qıza söz atılmağını istəmirsənsə onda qızıvı adam kimi geyindir”. Qıza baxdım. Cins şalvar, sinəsi örtülü bir köynək geyinmişdi. Qızın tək qüsuru gözəl olması idi.
Ümumiyyətlə geyim tərzinə, seçiminə görə kiməsə söz atmaq, narahat etmək əxlaqsızlıqdır. Bu hərəkətləri törədənlər isə mədəni şəkildə desək namuslu insanlar deyillər. Bu faktdır və qətiyyən müzakirəyə açıq deyildir.
Qız sevgilisinin yanında durub söhbəti dinləyirdi. Üzündə sakit bir ifadə var idi. Hətta elə bil biraz zövq alırdı. Ehtiraslanmış da ola bilər. Sevgilisinin əlindən tutub “fikir vermə, avara adamdı baş qoşma” deyərək ona dəstək olmaq əvəzinə sanki bu oğlanla dalaşmağını, onu “müdafiə” etməyini istəyirdi. Oysa ki əlindən tutub dartıb apara bilərdi. Fikrimcə mədəni və yanındaki bəyə hörmət edən bir xanım bu hərəkəti etməli idi. Sevgilisinin rəngi qaçmış, qorxmuşdu. Təbiidir. Qarşısındakı yekəpər oğlanın məşqdən indicə çıxdığı belindəki çantadan, idman geyimindən bəlli idi. Hamımızın tanıdığı, gördüyü tiplərdir. Bu insanlarla üz-üzə gəlmək, mübahisə etmək həqiqətən çətindir. Mümkün olduğu qədər onların sözünə fikir verməyib keçib getmək lazımdır. Bu kiçik görünən hadisə məni o qədər qıcıqlandırdı ki hətta yuxuma da girdi. Yuxumda bu tip insanları bir-bir qətlə yetirən manyaka çevrilmişdim. Heyif ki belə şeyləri ancaq yuxuda görə bilirəm.
Bir vaxtlar necə oldusa idmançı qardaşları olan bir xanımla tanış oldum. Məndən məşq etməyimi, əsəbi bir insan olmağımı və küçədə ona baxan olsa üstünə şığıyıb onu parçalamağımı tələb edirdi. Hətta mənə deyirdi ki “çəkiçimi” başının üstündən əksik etməyim. Lazım olanda çəkiçimdən istifadə edim. Bu tip xanımlarımız az deyil. Sadist olduqları qədər mazoxist, diktə etməyi sevdikləri qədər kölədirlər. Kölə olmağı özləri seçir və sonra bundan şikayət edirlər. Həm çəkiç, həm azadlıq tələb edirlər.
Azərbaycan tarixinə ötəri bir nəzər salsaq görərik ki, xanımların daha azad yaşaması, sözlərini deyə bilməsi üçün kişilər daha çox mübarizə aparmış, bu səbəbdən söyülmüş, təhqir olunmuşlardır. Ölənlər, yaralananlar da olmuşdur. Bu gün də biz qadınlardan daha az təzyiqə məruz qalmırıq. Yuxarıda yazdığım hadisə tipik bir nümunədir. Döyülən, təhqir olunan bizik. Xanımlar isə kənarda durub azadlıq tələb edirlər. Bəs mübarizə?
Əxlaq mövzusu ilə davam etmək istəyirəm. Cəmiyyətimizdə əxlaq, namus sözləri çox işlədilir. Bu da əslində cəmiyyətdə ciddi əxlaq probleminin olduğunu göstərir. Elə bilirlər ki bu sözləri tez-tez işlədəndə bu boşluq dolacaq. Əxlaq anlayışımız o qədər dardır ki insanlar başlarını qaldırıb əsl əxlaq problemlərini görə bilmir. Azərbaycanın ümumi əxlaq anlayışı zərif cinsin cinsiyyət orqanına ilişib qalıb, o dar çərçivədən çıxa bilmir.
13 yaşlı bir qızın direktorun oğlu tərəfindən cinsi istismarı ilə bağlı xəbərləri oxumayan qalmadı yəqin ki. Bu xəbərin şərhlərində bir məqam diqqətimi çəkmişdi. Şərh yazanların çoxu günahı 23 yaşlı oğlanda yox, 13 yaşlı qızda və onun telefonunda görürdülər. Bəzilərinin fikrincə “yüz faiz” qız oğlanı ələ alıbmış. Bu şərhləri oxuyanların bəzilərinin heç xəbəri sona qədər oxumadığına əminəm. Ümumi psixologiya belədir. Əgər ortada əxlaqla, namusla bağlı bir problem varsa bu ancaq qadının günahı ola bilər. Bu tip insanlar xəbəri oxumadan da günahkarı tapmağa qadirdilər.
Sağlamlıq imkanları məhdud 7 yaşlı uşağı dubinka ilə döyən “müəllimə”-nin cinsi istismara uğrayan 13 yaşlı qızdan daha əxlaqlı olduğu, insan yerinə qoyulduğu bir cəmiyyətdə yaşayırıq. Qeybətçil insanlar yalanları ilə minlərlə insan həyatını məhv edib və etməyə davam edir amma heç kim onlara əxlaqsız demir. Amma sevmək, sevdiyinə toxunmaq, hisslərini cilovlaya bilməmək əxlaqsızlıqdır. Günahı qızda axtarmaq lazımdır. Gənclik metrosunun çıxışındakı hadisədə də çoxları üçün günahkar yenə də qızdır. Söz atan oğlan isə yaxşı oğlan, namus, qeyrət keşikçisidir. Təbiidir, qınamaq da olmur.
Bu mövzu çox işlənib, bu haqda çox yazılar yazılıb. Hələ də yazılır. Amma bu probleminlərin( stereotiplərin dağıdılması, əxlaq anlayışının dəyişməsi) həll olunmasının ilk mərhələlərindən biri seks azadlığını təmin etməkdir. Seks azadlığı təmin olunmadığı müddətcə bu streotiplər qırılmayacaq, namus, əxlaq genital bölgədə ilişib qalacaq. Cəmiyyət təhqir olunmağa, əxlaqsızlar əxlaq dərsi keçməyə davam edəcək.