“Qızdırması 39 dərəcə idi, evə göndərdik..”

qizdirmasi-39-derece-idi-eve-gonderdik
Oxunma sayı: 699

Azərbaycan Kubokunun cavab yarımfinal qarşılaşması çərçivəsində "İnter"i 2:0 hesabı ilə məğlub "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib.

"Qafqazinfo" Sport24.az-a istinadən xəbər verir ki, Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, təcrübəli mütəxəssis hər şeydən razı qaldığını bildirib.

- Razıyam. Udmuşuq, finala çıxmışıq. Hər şey yaxşıdı.

- İlk cümlələrinizdən də gördük ki, rahat oynadınız. Əsas heyət oyunçularınıza dincəlmək şansı verdiniz. Fasilədə isə Stankoviçlə Subotiçi də əvəzlədiniz. Bu, o, anlama gəlmir ki, liderə qarşı oyun haqda düşünürdünüz?

- İlk oyundakı qələbə hələ finala çıxmağımız demək deyildi. Sadəcə, sıx qrafikə görə, funksional cəhətdən daha hazır olan uşaqlara güvəndik.

- Dabo-Subotiç tandemi haqda fikirləriniz maraqlıdı. Uikslə Dabonun oyununda geriləmə hiss olunur. Bunun səbəbini nədə görürüsünüz?

- Müxtəlif düzülüşlərə əl ata bilərik. Hər şey oyunçuların bu tapşırıqları hansı səviyyədə həyata keçirməsindən asılıdı. Götürək Dabonu. Uzun müddət oynamadı. Hələ tam bərpa olmayıb. Subotiç də bizim oyun üslubumuza hələ tam uyğunlaşmayıb. Uiks mövsümün əvvəlində hücumameylli mövqedə oynayırdı. Ancaq hesab edirəm ki, Teo bizim modeldə dayaq yarımmüdafiəçisi kimi daha faydalıdı. Təbii ki, hələ bir çox komponentlərdə artırmalıdı.

- Rəşad Eyyubov faciəvi futbol sərgilədi. Ancaq sonadək onu dəyişmədiniz…

- Rəşada tövsiyəm budu ki, sadə oynasın. Nələrisə icad etmək istəyəndə, hər şeyi korlayır. Ancaq deməzdim ki, onun oyunu faciəvi idi. Bu gün çox çalışdı.

"İnter"in baş məşqçisi Zaur Svanadze isə rəqibi finala çıxması ilə bağlı təbrik edib:

- Rəqibi finala çıxması münasibəti ilə təbrik edirəm. Bizim oyuna gəlincə, meydan sahibləri daha üstün idi. Abcaq oyunun ilk 15 dəqiqəsində bizim fərqlənmək imanımız oldu. Vurmayana vurarlar. Qol buraxdıqdan sonra biz dayandıq və meydanda yalnız bir komanda var idi. Cinah müdafiəçilərimizin üzərinə çox yük düşdü və sonda onlar tükəndi. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- Razılaşırsınız ki, ilk oyundan sonra komandanız taleyi ilə barışmışdı?

- Haqlısınız. Bakıdakı oyunda nəticə fərqli olsaydı, əhvalımız da fərqli olardı, heyət də qismən başqa. Denis oynayacaqdı, amma səhər qızdırması 39 idi. Biz də onu evə göndərdik. Ümumiyyətlə, seçimimiz məhduddur. Bir Rauf Əliyev, bir də Nizami Hacıyevə istirahət vermişdik. Doğrudu, onlar da qarışıq heyətlə çıxmışdılar. Ancaq rəqibin heyətində seçim genişdi.

- Yayda transfer də edə bilməyəcəksiniz. Bir neçə oyunçu da komandadan getsə, nə edəcəksiniz? Əvəzedici heyətdə perspektivli oyunçularınız var?

- Bildiyim qədəri ilə, FİFA-ya müraciət etsək, cəzanı götürə bilərlər. Əlbəttə, perspektivli uşaqlar gözümə dəysə, onlar əsas heyətə cəlb olunacaqlar.

- Futbolçularla bağlı aydınlıq gətirdiniz. Bəs özünüz?

- İlk növbədə qarşımıza məqsəd qoymuşuq ki, Avropa Liqasına çıxaq. Bundan sonra mənim taleyim müzakirə edilər.

- De-fakto bürünc medalı təmin etmisiniz. De-yure də bu, baş verdikdən sonra futbolçularınıza hansı həbləri verəcəksiniz ki, növbəti turlarda stimulları olsun?

- Qarşıda ilk iki pillənin sahibi ilə görüşümüz var. Bu, ən böyük stimul və motivasiyadı. Sabah komandamız olmasa, futbolçular özlərinə yeni komanda tapmalıdı. Bu cür rəqiblərlə oyunda da özlərini göstərmək şansları var.