Qızını aldadan ana

qizini-aldadan-ana
Oxunma sayı: 2044


Balzakın “Qorio ata”sında Vokenin evi təsvir olunan vaxt bir səhnə ilə qarşılaşırıq: Divarda pansionerlərin gözləri qarşısında Kalipso pərisinin Odisseyin oğlunun şərəfinə düzəltdiyi möhtəşəm ziyafətin mənzərəsi var. İllərdir bu mənzərə kasıb gənc pansionerlərin istehzasına hədəf olur. Sanki bu gənclər ehtiyac üzündən yeməyə məcbur olduqları nahara rişxənd etməklə öz talelərinin fövqünə yüksələ bilirlər. Ziyafət və yoxsul süfrənin üz-üzə qoyulması çörəklə imtahana çəkilməyin başqa adıdır...

İmtahanların ən çətinidir bu...

Evimiz restoranların əhatəsindədi. Yay gəldimi, buralarda bir çal-çağır başlayır ki, gəl görəsən. Hər tərəfdən ucalıban bir-birinə qarışan xaotik musiqi yayı adamın burnundan gətirir... Temperatur yüksəldikcə əsəblər bir az da tarıma çəkilir.

Estrada muğama, xalq mahnıları Qərb musiqisinə qarışıb kənar adamı bu mənzərə haqda düşünməyə vadar etsə də kabab tüstüsü ümumi vəziyyət haqda dolğun təsəvvür yaradır...

Axşamlar məhlənin rusdilli uşaqları küçədə velosiped sürməklə, qaçdı-tutdu oynamaqla əylənirlər. Bu qayğısız, xoşbəxt uşaqların əhatəsində kozettaların dünyasının balacaları da var. Onlar bu məhlədə kirayədə yaşayır. Axşam düşdümü, uşaqlar oynamağa çıxdımı, bu balacalar çəkilir məskunlaşdıqları evlərə. Qonşuda kirayədə yaşayan bir qadından axşam uşaqlarını niyə bayıra buraxmadığını soruşdum. Cavabını oxuyun: “Axşamlar məhləni kabab tüstüsü bürüyür. Mənim beş yaşlı qızım hər dəfə bu iyi sinəsinə çəkib mənə deyir ki, ana, bu nə iyidi belə, nə gözəl iydi, deyirəm, o biri məhlədə ocaq qalayırlar. Çünki qızım kabab nə olduğunu bilmir...”

Bu balaca qız kababın nə olduğunu bilmədən böyüyür. Nə vaxtsa manqalda bişən həmin təamın nə olduğunu soruşsa bu sualı eşidənlər mat qalacaq. Və manqaldan qalxan tüstünü ciyərinə çəkəndə o qoxu ona tanış gələcək. Kimi qınayacaq, bilmirəm.

Təki elə olsun ki, tezliklə o, bu qədim-qayım yeməyi dadsın. Hələ ki unutmaq yaşındadı. Anasının onu axşamlar nə üçün evdən bayıra buraxmadığını unuda bilər...

Ya da... ya da yay tez başa çatsın. Restoranlar müğənnilərini, manqallarını içəri daşısın ki, bu qızcığazın anası onu aldatmağa məcbur olmasın...