Qızını öldürən taksi sürücüsündən yazdı, daha çox qadınlar tənqid etdi

qizini-olduren-taksi-surucusunden-yazdi-daha-cox-qadinlar-tenqid-etdi
Oxunma sayı: 4413

Son günlər Müsavat Partiyasının üzvü Yadigar Sadıqlının feysbuk səhifəsində yazdığı statusu böyük müzakirələrə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, Y. Sadıqlının 300-dən çox şərh yazılan statusu Kürdəxanı təcridxanasında tanış olduğu yaşı 60-dan yuxarı olan və öz qızını qətlə yetirərək həbsxanaya düşən bir dustaqın həyat hekayəsindən bəhs edir. 


Y. Sadıqlı qeyd edib ki, bu kimi situasiyalarda qızın, qadının kişi ailə üzvü ən axırıncı, ən yaramaz adamla, ən haqlı olduğu durumda mübahisə edərsə, axırda məğlub ayrılacaq, çünki o qaxıncın qarşısında söz tapmayacaq. Yəni, “bu cəmiyyətdə kişilər də azad deyil”.

Status sosial şəbəkədə birmənalı qarşılanmayıb, bəzi istifadəçilər status sahibini qadın haqlarını pozmaqda, qatillə empati qurmaqda ittiham edib. Müəllif xüsusən, feminist fəalların hədəfinə tuş gəlib. Onlar siyasətçinin bu qeydlərini qadın qətllərinə bəraət qazandırmaq kimi qiymətləndiriblər.

Feminist fəal Gülnarə Mehdiyeva qeyd edib ki, əgər kişilər azad deyillərsə, onlar da çıxıb haqlarını tələb etsinlər: “Kişi azad deyilsə, rədd olub azadlığı uğrunda mübarizə aparsın. Kişi azad deyilsə, azadlıqsızlığını qadın öldürərək ifadə eləməlidir? Siz nə danışırsız? Azad deyilsən, çıx, haqqını istə! Nə edək indi, ölən qızı qoyub bu kişi üçün ağlayaq? Başadüşənlik edək? Ayıb olsun sizə ki, belə axmaq mövqeləri yaymaqla məşğulsuz!”

Günel Mövlud da bunu qurbanla yox, qatillə empati adlandırıb: “Qurbanla, öldürülənlə deyil, qatillə, öldürənlə empati quran ziyalılar ölkəsi... Çox təəssüf edirəm, Yadigar bəy. Kaş ki, belə bir şeyi sizdən görməyəydim”.

Politoloq Şahin Cəfərli hesab edib ki, bu tip qətllərə, namus cinayətlərinə anlayışla yanaşmaq, həmin cinayəti törədən ataya, qardaşa empati ilə baxmaq yanlış və təhlükəlidir: “Bu yanaşmadan yola çıxsaq, onda vaxtilə qızlarını, həyat yoldaşlarını oxumağa, işləməyə, ümumən küçəyə çıxmağa qoymayan, misal üçün, Tağıyevin qızlar məktəbinə qızlarını göndərmək istəməyən, bunu namussuzluq sayan azərbaycanlı (müsəlman) kişiləri də anlayışla qarşılamalıyıq. Kişi dözə bilmirdisə, özü intihar edə bilərdi”.

Lakin bu yanaşmalardan fərqli olaraq, statusda müəllifin uzun illərdən bəri cəmiyyəti sarmış problemi göstərməsi, övladını qətlə yetirməyə təşviq edən faktorlara işıq salması qənaətində olanlar da var.

Müsavat Partiyasının üzvü Elman Fəttah hesab edir ki, Yadigar Sadıqlının qadın cinayətləri haqda fikirləri yanlış anlaşılıb: 

“Qadın mövzusu üzərindən Yadigara hucum cəhdi heç, onu anlamağa belə ehtiyac yoxdur. 

Dostlar, Yadigarın yazdıqları bizim cəmiyyətimizin ən azı 100 ildir müzakirə etdiyi, korifeylərimizin kitablarına, kinolarına mövzu olan iyrənc təfəkkürün, çürük xarakterlərin-başqasının həyatına burun soxanların qadın cinayətlərini körükləməsi haqdadır. Qısa desək, qızını öldürən ata ilə küçədəki qadını göstərib "gəzir" deyən taksi sürücüsünün yerlərini rahatca dəyişə bilərik. Ola bilərdi ki, həmin ata hansısa qadını sürücüyə göstərib eyni yanaşmanı sərgiləsin. Fərz edək ki, qadın da sürücünün qızı olsun. Yəni baş verəcək cinayətin qurbanı və qatili dəyişərdi, amma toplumun yarğılaması dəyişmir. Bu cür hadisələr zamanı yalnız qatili yox, onu yetiştirən mental "dəyərlər" də sərt hədəfə alınmalıdır ki, gələcəkdəki cinayətlərin sayını azaltmaq olsun”. 

Jurnalist Xədicə İsmayıl da müəlliflə tamamilə həmfikir olduğunu bildirib: “Yadigar Sadıqlı yazıb ki, qadın qətllərini törədənlərlə yanaşı bu qətlləri təşviq edənlər, yəni bir ataya, ərə, qardaşa ailəsindəki qadın barədə dedi-qodu edənlər də məsuliyyət daşıyır. Üstəlik, qatilə qarşı hüquqi tədbir var, bu adamlara qarşı isə yox. Razılaşmayan var? Mən tam razıyam onun dediyi ilə”.

Keçmiş Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı isə hesab edir ki, ölkədə hər kəsin ən yaxşı və həvəslə elədiyi, ən ləzzət aldığı şey linçləmədir:

“Hamı linç edir. Yeri gəlmişkən, bu sözün öz doğma dilimizdə qarşılığı var - daşqalaq. Hamı həyatının bütün ağrı-acısının hayıfını nəsə bəyənmədiyi bir sözü demiş şəxsdən çıxmağa çalışır, sanki. Bir hadisəni yazdığına görə düşüblər Yadigar Sadıqlının üstünə. Qızını öldürüb həbsxanada ölümünü gözləyən bir şəxsin faciəsini qələmə aldığına görə. Bu bədbəxt insanın bu cinayəti törətməsinə təsir etmiş yaramaz faktorlara işıq saldığına görə. Bir böyük problemin başqa bir tərəfini də qabartdığına görə. Bəlkə də o faciəli insana münasibətdə bir az lap hissiyata qapılmış olsaydı belə.

Həm də gör kimi? Yadigar Sadıqlını. Fikirləri, baxışları onu daşqalaq edənlərdən də daha proqressiv olan, sadəcə hər şeyə daha bütöv baxmaq müdrikliyi olan bir şəxsi”.

R. Hacılı vurğulayıb ki, Yadigar Sadıqlı şübhəsiz öz yazdığını da, özünü də hər hansı daşqalaqdan qorumaq gücündə, cəsarətində olan şəxsdir. Problem ondadır ki, bir-birimizi dinləyərək, anlamağa çalışaraq, tənqid edəndə belə əzib keçməyə çalışmadan, daş atanların əlini tutub saxlayaraq işlərimizi görək: “Həm də tək bu işdə yox, bütün işlərimizdə. Problem hər yerdə var. Müzakirə və mübahisələr də. Əsas olan bir-birini dinləmək, fərqli görünəni anlamağa çalışmaq, bəyənmədiyinə səbrlə yanaşmaq, etiraz edəndə belə elə deməkdir ki, “ürəyindəkiləri boşaltmağa”, qaralamağa, “sən də belə”-filana çevrilməsin”.