Qızla görüşə getməyən şair

qizla-goruse-getmeyen-sair-
Oxunma sayı: 2210


Təmiz köynəyi olmadığı üçün qızla görüşə bilməyən şair

Daimi oxucular bilirlər ki, ötən yazılarımın birində, dünya ədəbiyyatı yazarlarının başına gələn maraqlı və gülməli, çoxumuzun bilmədiyi hadisələr barədə yazıb, davamı olacağına söz vermişdim. Bu dəfə isə, davamı olaraq türk ədəbiyyatı yazarları barəsində olan, maraqlı hadisə və məlumatları sizinlə bölüşmək istədim. Güman ki, bunun da davamı olacaq. Növbədə isə bizim ədəbiyyatımızın, çağdaş dövr yazarlarının başlarına gələn hadisələr barədə yazacağam. İndi isə, türk ədəbiyyatı yazarları barədə topladığım bilgiləri sizinlə paylaşmaqdan, məmnunluq duyaraq, buyurun oxuyun deyirəm.

1. Türk ədəbiyyatçılarından Əbdülxaq Sinasi Hisar çox mədəni, incə ruhlu insan imiş. Heç kimə “sən” deyə xitab etməzmiş. Özündən kiçiyə belə “siz” deyə müraciət edərmiş. Süleyman Nazif Əbdülcəlq, Sinasi Hisarın ağzından heç sən sözünün çıxmadığını görəndə biraz da, lağ-lağı olsun deyə soruşur: -Yahu, Əbdülxaq Sinasi, sən zaman-zaman Parisə gedib, orada qalırsan. Düşünürəm ki, görəsən orada Sen (Sein) çayına da “siz” çayı deyirsən?


2. Bir gün Süleyman Nazifdən, Abdullah Cəvdətin necə bir adam olduğunu soruşurlar . Süleyman Nazif bu suala; “Çox səmimi adamdır, xasiyyəti də simasına yansıyıb.” - deyə cavab verir. (Abdullah Cəvdətin civzə izləri kimi üzü çopur olduğu üçün, çirkin görünüşü varmış. İçinin çirkinliyi üzünə də yansımış, demək istəyib.)

3. Abdullah Cəvdət bir ara, Şekispirin bütün əsərlərini türkcəyə tərcümə etməyə başlayır. Bir-iki tərcüməsi yayımlanır. Fəqət, tərcümələr heç uğurlu alınmır. Şekispir əsərlərini layiqli tərcümə edə bilmir. Abdullah Cəvdət bir gün bu tərcümələri etdiyi zaman, Süleyman Nazifə deyir ki: - Nazif, bilirsən ən çox nədən qorxuram? Qorxuram ki, bu Şekspirin əsərlərini tərcümə edib bitirmədən ölüm.

4. Süleyman Nazifin oğlu, Səid Nazif uşaq vaxtı atasından soruşur ki, “Ata, fransızcanı sən yaxşı bilirsən, yoxsa Viktor Hüqo?”

Süleyman Nazif oğlunun gözündəki dəyərini itirməmək, Viktor Hüqonun da haqqını yeməmək üçün deyir: -Viktor Hüqo fransızcanı məndən yaxşı bilə bilər, amma mən də türkcəni Hüqodan yaxşı bilirəm.

5. Bir gün şair Camal Sürəya dostları ilə, bir telefon nömrəsi söhbətinə görə bəhsə girir. Əgər uduzarsa, soyadındakı “y” hərfinin birini siləcəyini şərt kəsirlər. Uduzur və Sürəyya olan soyadını Sürəya olaraq dəyişdirir.

6. Böyük şair Nazim Hikmət (1902-1963) Heybəliada Bahriyə Məktəbində (İndiki Deniz Lisesi) oxuyarkən, müəllimlərindən biri də məşhur şair Yəhya Kamal Bəyatlı(1887-1958) olur. Nazim Hikmət Yəyha Kamala „Samiyenin Kedisi“ adlı şeirini oxuyur və şeirə münasibətini soruşur. Yəhya Kamal: “Bu şeiri şərh etmək üçün, gərək əvvəlcə pişiyi görəm.”- deyir. Yəhya Kamalın dərdi əlbəttə ki, pişiyi görmək olmur. Nazim Hikmətgilə dəvət olunmaq istəyi olur. Çünki Yəhya Kamal Nazim Hikmətin anası Cəlilə xanımdan xoşu gəlirmiş. Məqsədinə çatan Yəhya Kamal, pişiyi görəndə Nazim Hikmətə: “Sən bu pis, çılğın pişiyi belə öyməyi bacarmısansa, gələcəkdə əla bir şair olacaqsan.”-deyir.

7. Şeirə yeni axın gətirən, yenilikçi, gözəl insan deyə tanınan şair Orxan Vəli (1914-1950) 1950-ci ilin noyabr ayında Ankaradan gələndə, bələdiyyənin qazdığı bir çuxura düşür və bir-neçə gün sonra (14 noyabr) beyin qanamasından İstanbulda ölür.

8. Orxan Kamal (o zamankı adıyla Rəşid Kəmali), Nazim Hikmətlə üç il yarım (1940-1943) yatdığı Bursa həbsxanasından ondan əvvəl çıxdığında, Nazım Hikmətə bir şeir yazır. Bu şeiri oxuyan Nazim Hikmət oturub ağlayır: Sen “Promete’nin çığlıklarını kabakıyım gibi tütün piposuna dolduran” adam, sen benim mavi gözlü arkadaşım, kabil değil unutamam seni. 26 Eylül 1943 seni yapayalnız bırakıp hapishanede bir üçüncü mevki kompartımanda pupa yelken koşacağım memlekete.

Orxan Kamal həbsxanadan çıxarkən, Nazim Hikmət, Kamal Tahirə məktubların birində yazar ki: “Rəşid çıxır. Əlbəttə sevinirəm, həm də çox. Fəqət, içimə ayrılıq hüzünü düşüb. Ondan bir insan, bir dost, bir həmkar, məsləkdaş olaraq heç bir şikayətim olmadı. Ona nə qədər öyrəşdiyimi və onu nə qədər sevdiyimi indi daha çox anlayıram.”

9. “Kürk Mantolu Madonna”, “Kuyucaklı Yusuf” adlı romanların yazarı, məhşur Aldırma Gönül mahnısının şairi, Səbahəddin Əli (1907-1948) tək partiya dönəmlərinin təzyiqindən qurtulmaq üçün, ölkə xaricinə qaçmağı düşünür. Fəqət, Əli Kərimli kimi xarici pasport ala bilmədiyindən(verilmədiyinə görə) qaçaq yolla Bolqarıstana keçməyə qərar verir. Bu qərarı aldığı bilinən ərəfədə 1948-ci ilin aprel ayında Bolqarıstan sərhəddində ölü olaraq tapılır. Səbahəddin Əlini Türkiyə Milli Mühafiziə Xidməti Rəyasəti adına cəsusluq edən, ölkə xaricinə qaçaq yolla adam keçirən, Əli Ərtəkin tərəfindən öldürüldüyü ortaya çıxır. Əli Ərtəkin həbs olunur. Lakin sadəcə 4 il həbs cəsası verilir. Həmin ərəfədə çıxan əfv fərmanından yararlanaraq bir neçə həftə həbs cəsası çəkib, 1 ayı tamamlanmadan sərbəst buraxılır. Səbahəddin Əlinin yaxınları, yazarın Kiraklarelidə Milli Mühafizə tərəfindən sorğuya çəkilərkən, işgəncə nəticəsində öldürülüb, Bolqarıstan sərhəddinə atıldığını iddia ediblər. Səbahəddin Əlinin gerçək məzarının harada olduğu hələ də sual olaraq qalmaqdadır.

10. Yaşar Kamalın həyatındakı ən sevincli illəri, Adanada traxtorçu işlədiyi illəri imiş. Çünki, ən çox o zaman izini polislərdən gizlədə bilib. 11. Yazar Ərsin Tezcan 1997-ci ildə çap etdiyi “E-siz Potkal” adlı romanında heç „E“ hərfi işlətməyib.

12. „İki-üç yaz əvvəl Bodrumda Məhmət Barlasın evinə dəvət olunmuşdum. Mən biraz tez getdim. Tansu Çilər də tez gəlmişdi. Məni ona təqdim edib; “Səlim İlərini tanıyırmısınız?”- deyə soruşdular. “Əlbəttə tanıyıram. Milli güləşçimizi kim tanımaz?”- dedi. Sonra da zəif çəkidə olduğuma baxıb; Niyə belə sınıxmısınız? Yoxsa bir narahatçılığınız var, xəstələnməmisiniz?”- deyə soruşdu. “ (Türkiyənin şair-yazarı Səlim İlərinin Füsun Çətinəli ilə 2013-cü ildə etdiyi söhbətləşmədən.)

13. Orxan Pamukun ilk mükafatlı romanı, “Cevdet Bey ve Oğulları”nı (“Milliyet Yayınları Roman Yarışması”nda [1979]). Romanın adı o zamanlar, “Karanlık ve Işık” idi), illərcə çap olunmadığından ən son çarəni, qəzetlərdə “Mükafatlı roman satılır” elanı verməklə tapır.

14. Camal Sürəyanın, Əhməd Ariflə dostluğu az qala qohumluğa calanacaqmış. Belə ki, Əhməd Arif Camal Sürəyaya o qədər heyran olur ki, Sürəyanın üzünü belə görmədiyi bacısı Aytən ilə, evlənmək istəyir. Cəmal Sürəyanın da, Əhməd Arifə olan sevgisi onun sevgisindən əskik olmur ki, bacısına; “Evlən, qız.Türkiyənin ən yaxşı şairidir!”-deyir. Aytən əvvəlcə təəccüblənir, sonra qardaşının sözünü yerə salmır. Gəlin və bəyliyə namizədlər Zəfər çarşısında(bazarında) görüşmək üçün sözləşirlər. Aytən xanım gözləyir-gözləyir Əhməd Arif gəlmir. Camal Sürəya ertəsi gün öyrənir ki, təmiz bir köynəyi olmadığı üçün Əhməd Arif görüşə gələ bilməyibmiş.

15. Türkiyəli dilçi, yazar Yaşar Kamal İncə “Mehmed” romanını İstanbulda 1953-cü ilin qış aylarında, buz kimi bir evdə üç aya yazıb bitirir. Romanı oxuması üçün o zamanlar “Cumhuriyet” qəzetinin yazı işlərindən məsul Cavad Fəhmi Başkuta aparır. Aradan onbeş gün keçdikdən sonra Cavad Fəhmidən romanı oxudunuzmu deyə soruşduğunda, Fəhmi bəy; “Yarıya qədər oxumuşam“- deyə cavab verir. Yaşar Kamal isə; “Doğru deyil, oxumamısınız. O romanı oxumağa başlasaydınız bitirmədən kitabı yerə qoymazdınız. “- deyir. Cavad Fəhmi: “Sən özünü nə hesab edirsən? Bu hələ sənin ilk romanındı. Adamdakı eqo, təkəbbürə bax sən!”- əsəbi halda deyir. Yaşar Kamal susaraq otaqdan çıxır. Daha sonra roman barədə Cavad Fəhmidən heç nə soruşmur. Aradan bir ay keçir, Cavad Fəhmi Yaşar Kamalı otağına çağırır: „Haqlı imişsən. Dünən gecə romanını oxumağa başlayıb, bu gün səhər bitirdim. Kitabı bitirmədən əlimdən yerə qoya bilmədim.”- deyir.

16. Yaşar Kamal adını niyə dəyişdirdiyini belə danışır: „1951-ci ilin mayında “Cumhuriyet” qəzetində işə qəbul olduğumda, ilk reportajımı Anadoluda olacağını öyrənəndə, Ankarada yaşayan Abidin Dinonun yanına getdim. Ona sevinclə “Cumhuriyet” qəzetində işə girdiyimi söylədim. “Cumhuriyet”ə məni qəzetin sahibi Nadir Nadiylə dost olan, Arif Dino tövsiyyə edib, „Sizə hərtərəfli bişmiş bir dəliqanlı oğlan verirəm“- demişdi. Nadir Nadi Türkiyədə gəlmiş-keçmiş ən böyük demokrat idi. Məni Anadoluya röportaja da göndərən o idi. “Cumhuriyet”ə girdiyimdə də altı-yeddi ay əvvəl həbsxanadan çıxmışdım. Tutulma macəramı da bütün qəzetlər şişirdə-şişirdə yazmışdı. Adım o zaman, Kamal Sadiq Gökçəli idi. Abidin Dino dedi ki, sən bu adla qəzetdə bir ay da qalmazsan. Polis səni tanıyan kimi qəzetdən qovduracaq. Və o zaman Nadir Nadi də səni qoruya bilməyəcək. Və elə həmin gün adımı dəyişdirib Yaşar Kamal qoyduq. Polis mənim əslində Kamal Sadiq Gökçəli olduğumu ancaq 1953-cü ildə, o da təsadüfən öyrənə bildi“


Yaşar Kamal (Yaşar Kamal özündən danışır; Adam Yayınları 1996-cı il)

17. Məşhur kürd yazarı və aydını Musa Anter (1920-1992) 20 iyul 1992-ci ildə Diyarbakırın Seyrantəpə məhəlləsində silahlı basqınla öldürülür. Zamanının Baş naziri Məsud Yılmazın, Qutlu Savaşa hazırlatdığı “Susurluk Raporu”-nda Musa Anter suiqəsdini Yaşıl kod adı ilə Mahmud İldırım tərəfindən planlanıb, tətbiq edildiyi yazılıb. Musa Anterin qatilləri hələ də məchuldur.

18. Modern kürd ədəbiyyatının öndə gedən yazarı Məhməd Uzun (1953-2007), uzun illər İsveçdə sürgün həyatı yaşayır. Bütün çətinlik və imkansızlığa baxmayaraq yaradıcılığında kürdcə yazmaqdan əlçəkmədiyinə görə, barəsində bir çox cinayət işləri açıldığı üçün, 1981-ci ildə türk vətandaşlığından atılır. Ancaq 1992-ci ildə öz ölkəsinə gələ bilir.

19. Türk şeiriyyatının ən böyük şairlərindən biri şair Yəhya Kamal Bəyatlı (1884-1958) həyatı boyu heç evlənmir və həyatı boyu heç bir əsəri yayımlanmamışdır.