“Qızlar qalmaqal yaradır, biz də sakitləşdiririk”

qizlar-qalmaqal-yaradir-biz-de-sakitlesdiririk
Oxunma sayı: 3209

Türkiyəli modelyer Hakan Akkayanın “Qafqazinfo”ya müsahibəsi

-“İşte benim stilim”in Azərbaycan versiyasını izləmisiz?

-Xeyr, izləməmişəm. Bir dəfə “İşte benim stilim”in çəkilişi zamanı azərbaycanlı qızlar gördüm, orada idilər. Bizdən sonra onların çəkilişləri olacaqdı.

- Verilişə daha bir azərbaycanlı iştirakçı qatılıb...

- Bəli, adını indi unutmuşam, xatırlaya bilmirəm. Çünki veriliş zamanı arada xanımlar podiuma çıxır, biz bəyəniriksə, yarışmaya qatılırlar. Onun yarışmaya dəqiq olaraq nə vaxt qatılacağını bilmirəm. Çox gözəl bir qızdır, bəyəndik. İstanbulda təhsil alıb, zövqlü bir xanımdır.

-Siz “İşte benim stilim”in münsif kürsüsündə sonradan əyləşdiz. Daha doğrusu, Kamal Doğulunun yerinə keçdiz...

-Xeyr, belə düşünməyin. Münsiflər heyəti həmişə dəyişə bilər. Sabah və ya o biri gün mən də gedə bilərəm. Biz iş görürük... Əgər layihə təşkilatçıları ilə sözümüz düz gəlməzsə, işbirliyimizi davam etdirmərik.

- Türkiyədə hər şey reytinq göstəricilərinə görə müəyyənləşir. Reytinq verməyən verilişlər bağlanır, münsiflər dəyişir... Elə “İşte benim stilim: Ünlülər” də reytinq vermədiyi üçün bağlandı, Neslihan xanım münsif kürsüsündən uzaqlaşdırıldı...

- Bundan belə başa düşmək lazımdır ki, mən verilişə böyük reytinq verirəm. Bu səbəbdən münsif kürsüsündə hələ də əyləşmişəm. Bizdəki sistem belədir, tamamilə hər şey reytinq üzərində qurulur. Bunu fərdi şəxslə ölçmək olmaz. Hansısa bir şəxs peşəkar ola bilər, ancaq TV aləmində sevilməyər.

- “İşte benim stilim”də iştirakçıların etdiyi qalmaqalların saxta olduğu iddia edilir. Deyirlər ki, layihə təşkilatçıları iştirakçılardan mübahisə etmələrini tələb edirlər...

-Bizdə əksinədir. Qızlar qalmaqal yaradırlar, biz isə sakitləşmələri barədə xəbərdarlıq edirik. Bizim qalmaqallara ehtiyacımız yoxdur.

- Məşhur bir modelyer olaraq Azərbaycan xanımlarının geyim tərzini bəyənirsiz?

-Azərbaycan qadınları çox gözəldir. Hər gün daha yaxşıya doğru addımlayırlar. Dünya modasını izləyirlər, mənim də azərbaycanlı müştərilərim var. Onlardan biri də Ruhidir. Ona da çox paltarlar tikirəm.

- Bəs bizim məşhurların geyimini bəyənirsiz?

-Bu sualı mənə verməyin ( gülür). Adlarını xatırlamağa çalışıram. Bir tək Röyanı tanıyıram. O da “İşte benim stilim”in qonağı olmuşdu. Bir də Zamiq Hüseynovu tanıyıram. Azərbaycana gələn zaman Ruhi vasitəsiylə tanımışam.

-Azərbaycanda dəblə bağlı bir layihədə sizi görmək mümkündür?

- Azərbaycana necə gəlib-gedəcəm? Çox istəyirəm, zamanında da Ruhinin verilişinə qonaq olmuşam. İşlərim çoxdur. Bu gün çox çətin gəldim, gecə qayıdacam.

- Yaxşı qonorar versələr?

-O zaman işlər dəyişər (gülür). Pulun açmayacağı qapı yoxdur.

-Nur Yerlitaşla münasibətləriniz necədi?

-Bizim hamımız dostuq, özəl həyatda belə münasibətlərimiz çox yaxşıdır. Nurla bir ay Bodrumda tətil etmişik. Əylənirik, bir-birimizi çox sevirik.

- Nur Yerlitaşın da “İşte benim stilim”də saxta olduğunu, jest-mimikalarını süni şəkildə etdiyini iddia edirlər...

- Yox, elə bir şey yoxdur. Nur təbii qadındır. Mən, İvana və Nur efirdə olduğumuz kimiyik.

- Efir zamanı Nur Yerlitaşdan çantasını istədiz, amma sizə vermədi...

-Hələ də verməyib. Bir az çanta bahalıdır. O, çox cömərt qadındır. Nə istəsək verər. Yəqin ki, o çantadan bir dənə var, ona görə də vermir. Nurun əli bərk deyil, həmişə bizə bahalı hədiyyələr alır.

-Bəs Türkiyə şou aləmində kimin geyim tərzinizi bəyənirsiz?

-Hande Yener və Gülşənin geyim tərzini bəyənirəm. Çox yaxşı geyinirlər.

- Əvvəl Hande Yenerlə eks-münsif Kamal Doğulu çalışırdı. Nədənsə sizi hər zaman rəqib görürlər...

-Rəqib görə bilməzlər. Kamal Doğulu saç ustasıdır. O, həmçinin makiyaj etməyi də yaxşı bacarır. Onun moda ilə əlaqəsi yoxdur. Mən necə saç daraya bilmirəmsə, o da paltar tikə bilməz. Onu çox istəyirəm, amma rəqibim deyil.

Elvin Elxan

Fotolar: Nuran