Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-11-də Azərbaycanda X Qlobal Bakı Forumu keçiriləcək. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər. Builki forumun mövzusu son zamanlar xüsusilə aktual olan məsələləri əks etdirir - “Dünya bu gün: Çağırışlar və ümidlər”.
“Qafqazinfo” “Azərtac”a istinadən beynəlxalq gündəlikdə duran əsas məsələlərin müzakirəsi üçün mükəmməl platformaya çevrilən Forumun tarixinə qısa nəzər salır.
Bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir.
Bu dəfə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumunda bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edəcək.
Bu mötəbər tədbirdə yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim təhlükəsizliyi, qida təhlükəsizliyi və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı effektiv mübarizə yollarını müəyyənləşdirəcəklər.
Göründüyü kimi, ildən-ilə iştirakçılarının sayı artan Qlobal Bakı Forumunun mövzularının əhatə dairəsi də genişlənir. Prezident İlham Əliyevin IX Qlobal Bakı Forumunda çıxışında bu məsələyə toxunaraq deyib: “Öz fəaliyyəti ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələləri müzakirə edən və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrilmişdir. ... IX Forumda demək olar ki, 50 ölkədən nümayəndə, yüksək səviyyəli nümayəndə iştirak edir və bu göstərici bir il bundan əvvəlki göstəricidən xeyli çoxdur”.
Qeyd etməliyik ki, Prezident İlham Əliyevin çoxşaxəli, davamlı siyasəti, böyük siyasi iradəsi sayəsində Azərbaycan bu gün təhlükəsizlik adasına çevrilib. Ölkəmiz siyasi-ictimai sabitliyi, sosial rifahı, güclü iqtisadiyyatı, uğurlu xarici siyasəti, reallıqları ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir və dünyadakı nüfuzu durmadan artır. Burada diqqətçəkən məqamlardan biri isə Azərbaycanın sivilizasiyalararası əməkdaşlığa imza atılan məkana çevrilməsidir.
Xüsusi vurğulamaq lazımdır ki, Qlobal Bakı Forumu dünya ictimaiyyətini dərindən narahat edən məsələlərin həlli yollarını araşdıran və bu istiqamətdə müzakirələr apara bilən müstəqil beynəlxalq platformaya çevrilib.
Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan Qlobal Bakı forumları xarici qonaqlar üçün Azərbaycanla dialoqu inkişaf etdirmək, yeni əməkdaşlıq əlaqələri qurmaq baxımından mühüm imkandır. Builki Forumun da mövzusu dünya gündəmində mühüm yer tutan mövzulara həsr olunub. Belə ki, X Qlobal Bakı Forumunun panel iclaslarında və sessiyalarında bəşəriyyətin qarşısında duran yeni çağırış və perspektivlər - yeni dünya nizamı, iqlim dəyişikliyi, ədalətli və bərabərhüquqlu enerji keçidi, meqatəhdidlər – iqlim, qida və nüvə təhlükəsizliyi, qlobal səhiyyə sisteminin qurulması, sağlamlığın təbliği, qlobal yoxsulluq, bərabərsizlik, iqlim böhranı və münaqişələr nəticəsində son illər qarşısıalınmaz miqrasiya prosesləri, yeni enerji və nəqliyyat dəhlizlərinin rolu, dünyanın müxtəlif regionlarında sülhün, sabitliyin və inkişafın axtarışı yolları və digər mühüm mövzular barədə müzakirələr aparılacaq, bu problemlərin həlli yolları araşdırılacaq. BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos bununla bağlı belə deyib: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti dialoqun təşviqinə, millətlər və mədəniyyətlər arasında anlayış körpülərinin salınmasına xidmət edir”. Latviya Prezidenti Eglis Levits isə Qlobal Bakı Forumunu dünyanı narahat edən vacib məsələlərin həll variantlarını bölüşmək üçün mühüm platforma adlandırıb.
Qlobal Bakı Forumunun müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformaya çevrilməsində Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və bu təsisat çərçivəsində irəli sürdüyü təşəbbüslər də mühüm rol oynayır. Belə ki, ölkəmiz Qoşulmama Hərəkatının sədri kimi qlobal problemlərə qarşı mübarizəyə öz töhfəsini verib.
Bütün bunları nəzərə alaraq əminliklə söyləmək olar ki, əvvəlki illərdə olduğu kimi, Azərbaycan paytaxtında keçiriləcək və müzakirə olunacaq mövzularının zənginliyi ilə seçilən X Qlobal Bakı Forumu da dünyanı düşündürən problemlərin həlli yollarının tapılması baxımından səmərəli müzakirələr tribunası olacaq.