Qlobal böhran təhlükəsi- - Yunanıstanda defolt

qlobal-bohran-tehlukesi-
Oxunma sayı: 3523


“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, qəzet bu xəbəri yüksək vəzifəli Yunanıstan hökumət rəsmisinə istinadən yayıb.

Yunanıstanın Beynəlxalq Valyuta Fonduna 1.6 milyard dollar kredit borcunu ödəmək üçün iyunun 30-nadək vaxtı var idi.

Məlumatda bildirilir ki, Afina borcu ödəmək iqtidarında deyil və sabah rəsmən defolt qərarını elan edəcək.

Bundan əvvəl, iyunun 26-da Yunanıstan hökuməti beynəlxalq kreditorlarla ölkənin borclarının restruktizasiyasına və maliyyə yardımı proqramının uzadılmasına dair razılaşma əldə edə bilməyib. İyunun 28-də hökumət bankların fəaliyyətinin iyulun 6-nadək dayandırılmasına dair qərar verib. Bankomatlardan nağd pul çıxarılmasına sərt məhdudiyyət qoyulub.

Hökumət beynəlxalq kreditorların - Avropa Komissiyasının, Avropa Mərkəzi Bankının və Beynəlxalq Valyuta Fondunun iqtisadi qənaət tədbirlərinə dair tələblərini iyulun 5-də referenduma çıxarmağı qərara alıb. Plan 8 bənddən ibarətdir, vergi sistemində dəyişiklikləri, pensiya islahatını və korrupsiyaya qarşı mübarizəni nəzərdə tutur.

Defolt dedikdə borclu tərəfindən borc öhdəliklərinin yerinə yetirilmədiyinin elan edilməsidir. Başqa sözlə, bu, borcalanın müflis olması anlamını verir. Yunanıstanın defolt elan etməsi Avropanın maliyyə və fond bazarlarında ciddi çaxnaşmalara səbəb  olacaq.

Analitiklər hesab edir ki, Yunanıstan ətrafında baş verən dramatik proseslər yeni qlobal böhrana, Avropanın bir sıra banklarının çökməsinə gətirib çıxara bilər.